Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə 66 xidmət elektronlaşdırılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 66 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir. Fondun xidmətlərinin elektronlaşdırılması nəticəsində ümumilikdə 312 min proaktiv təyinat aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il üzrə büdcə layihəsində əksini tapıb.
Qeyd edilib ki, elektronlaşdırma 312 min nəfərin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir.
Məlumatda bildirilir ki, bütün ölkə üzrə fərdi uçot sistemi və məhkəmə mübahisələrində iştirak tam şəkildə mərkəzləşdirilib. Fərdi uçotun mərkəzləşdirilməsi zamanı benefisiarı bilinməyən 1.1 milyard manat vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına köçürülüb.
Məhkəmə mübahisələrində iştirakın tam şəkildə mərkəzləşdirilməsi islahatı nəticəsində isə DSMF-nin əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı 2017-ci ildə mövcud olan 12 min iş sayı 2021-ci ilin ilk 8 ayında 465-ə endirilib. Nəticədə məhkəmə aktları üzrə öhdəliklər 63 milyon manatdan 1.7 milyon manata qədər azaldılıb. Bu, uduzulmuş işlərin sayında təxminən 96 faiz, uduzulmuş işlər üzrə öhdəliklərin sayında isə təxminən 97 faiz azalma deməkdir.