SİYASƏT
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUNNÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Kişinyov şəhərində beynəlxalq konfransda iştirak etmişdir. Fondun sədr müavini, nümayəndə heyətinin rəhbəri Zakir Babayev AZƏRTAC-ın müxbirinə demişdir ki, Moldovanın Sosial Sığorta Milli Kassası və MDB Ölkələri Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə keçirdikləri konfransın işində MDB ölkələrinin müvafiq qurumlarının rəhbərləri ilə yanaşı, Baltikyanı respublikaların, eləcə də Almaniya, Slovakiya və Bolqarıstanın nümayəndələri iştirak edirdilər. Mən məruzəmdə Azərbaycanın mövcud sosial sığorta və pensiya təminatı sistemləri, Fondun əsas funksiyaları, illik büdcəsi, maliyyələşdirdiyi pensiya və müavinət növləri, bu sahədə həyata keçirilən islahatlar, məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verdim, ölkəmizdə sığortaolunanların fərdi uçotu sisteminin tətbiqi ilə bağlı Dünya Bankı, Avropa Birliyinin TASİS proqramı, BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan geniş söhbət açdım. Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını, 300 mindən çox iş yerinin itirildiyini, qaçqın və məcburi köçkünlərimizin heç bir xarici ölkəyə miqrasiya etmədiklərini və onların əsas problemlərinin həllinin azərbaycan hökumətinin üzərinə düşdüyünü konfrans iştirakçılarının diqqətinə çatdırdım.
Azərbaycan nümayəndə heyəti konfransın gedişində bir sıra faydalı ikitərəfli görüşlər keçirmişdir. Slovakiya, Almaniya və Litva nümayəndələri ilə keçirilən görüşlərdə gələcək əməkdaşlığın konturları müəyyənləşdirilmişdir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti Yoxan Verstratenlə görüşdə respublikamızın bu mötəbər beynəlxalq təşkilatla geniş əlaqələr qurulması məsələsi müzakirə olunmuşdur.