DÖVLƏT STATİSTİKA KOMİTƏSİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdə komitənin sədri Arif Vəliyev bildirmişdir ki, cari ilin birinci rübünün makroiqtisadi göstəriciləri respublikamızın nəinki MDB dövlətləri, həm də Şərqi Avropa ölkələri arasında daha dinamik inkişaf etdiyini göstərir. Ötən üç ayda istehsal sahələrində məhsul buraxılışının artdığı, xidmət sahələrinin fəaliyyətinin genişləndiyi, əhalinin həyat səviyyəsini əks etdirən gəlirlərin və əməkhaqqının yüksəldiyi diqqətə çatdırılmışdır.
Natiq keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun (ÜDM) 39,5 faiz, sənaye məhsulu istehsalının 47,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalının 2,5 faiz, yük daşınmasının 10,7 faiz, rabitə xidmətinın 28,8 faiz, əmtəə dövriyyəsinın 11,9 faiz, pullu xidmətlərin isə 28,4 faiz artdığını qeyd etmişdir. Əhalinin gəlirlərinin 18,6 faiz artması ilə yanaşı, istehlak malları qiymətlərinin və xidmət tariflərinin yalnız 5,5 faiz bahalaşdığı vurğulanmışdır.
Bildirilmişdir ki, ölkənin hər bir sakini üzrə ÜDM istehsalı, orta hesabla, 37,9 faiz artaraq, 387 manata və ya 423,4 ABŞ dollarına bərabər olmuşdur.
Komitə sədri cari ilin birinci rübündə sənayedə, kənd təsərrüfatında və s. qazanılmış uğurlar haqqında ətraflı məlumat vermiş, ölkənin hər bir sakininin gəlirlərinin, orta hesabla, 17,3 faiz artaraq, 295,4 manata çatdığını, mart ayının əvvəlinə sənaye sahələrində çalışanların əməkhaqqının 240,7 manat, tikinti kompleksində 289,9 manat, nəqliyyatda isə 145,2 manat olduğunu açıqlamışdır.
Əhalinin rihaf halının getdikcə yaxşılaşdığını qeyd edən A.Vəliyev, onların banklara qoyduqları əmanətlərin məbləğınin keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz artaraq, martın 1-nə 522,1 milyon manata çatdığını bildirmişdir.
Sonda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.