CƏMİYYƏT
Dövlət Yol Polisi “Qarabağ” – “Olimpiakos” oyunu ilə bağlı azarkeşlərə müraciət edib
![Dövlət Yol Polisi “Qarabağ” – “Olimpiakos” oyunu ilə bağlı azarkeşlərə müraciət edib](/files/2022/3/1200x630/16655804274074160411_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də azarkeşlər "Qarabağ" - "Olimpiakos” oyunu keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında bildirib. “Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin IV oyununda Azərbaycan çempionu "Qarabağ" Yunanıstanın "Olimpiakos” klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzulayırıq.
Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - deyə baş inspektor əlavə edib.