DSMF Salyan rayonunda ictimai dinləmə keçirib
Bakı, 23 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Salyanda ictimai dinləmə təşkil edib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Salyan və Neftçala rayonlarının ictimaiyyət, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İştirakçılara fondun fəaliyyət istiqamətləri, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində görülən işlər barədə məlumat verilib, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması sahəsində görülən işlər diqqətə çatdırılıb. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar edilib. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.