DST duzlu yeməməyi tövsiyə edir
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, ekspertlərin fikrincə, duzdan qədərindən çox istifadə olunması hər il 2,5 milyon insanın ürək-damar xəstəliklərdən ölməsinə səbəb olur. DST-nin qeyri-yoluxucu xəstəliklərə qarşı mübarizə Strategiyasında 2030-cu ilə qədər duzdan istifadəni 30 faiz nəzərdə tutulur. Qurumda hesab edirlər ki, bu tədbir milyonlarla insanın həyatını xilas edəcək.
DST-nin nümayəndəsi Tim Andersonun sözlərinə görə, ürək-damar xəstəliklərinin və insultların sayının azalmasına görə məsuliyyəti hökumətlər daşıyırlar.
O deyib: “Ərzaq məhsulları istehsalçılarının, satıcıların və restoranların populyar qida məhsullarında natriumun miqdarını azaltmaları üçün hökumətlər qida sənayesinin nümayəndələri ilə işləməlidirlər. Buna müxtəlif üsullarla - dialoq, birgə tənzimləmə, lazım gəlsə, qidada duzun miqdarına norma tətbiq etmək yolu ilə nail olmaq mümkündür.
Bundan əlavə, hökumətlər duzun nə üçün ziyanlı olduğunu əhaliyə başa salmaqdan ötrü maarifləndirmə kampaniyaları təşkil etməlidirlər. Ərzaq məhsullarının etiketlərində duzun miqdarının göstərilməsi daha bir vacib addımdır.
İstifadə olunan duzun 80 faizi emala məruz qalan qida ilə orqanizmimizə daxil olur. Həmin məhsullara çörək, pendir, souslar, hisə verilmiş ət və hazır ərzaq məhsulları daxildir. Natriumdan çoxlu miqdarda istifadə olunması hipertoniyanın inkişafını sürətləndirir, ürək-damar xəstəlikləri riskini artırır.
Biz hər gün orta hesabla 10 qram duz qəbul edirik. Bu, DST-nin müəyyən etdiyi normadan (5 qram) iki dəfə çoxdur. Qeyd edək ki, hazır məhsulların tərkibindəki duzlar da bu 5 qrama daxil olmalıdır. İki yaşdan on beş yaşa qədər uşaqlar üçün duzun norması isə daha azdır.