DSX-də akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edilib




Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də görkəmli otalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə xanım Əliyevanın məzarı önünə təzə gül-çiçək qoyaraq ehtiramlarını bildiriblər.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, DSX-da davam edən tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.
Çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs edib, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də ölkəmizdə səhiyyə sahəsinin inkişafına böyük töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, ottalmoloq-alim təkcə elmi fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə daim yüksək hörmət qazanıb.
Akademikin parlaq xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, zəngin irsinin gələcək nəsillər üçün nümunə olduğu xüsusi qeyd edilib.
Tədbirin sonunda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş “Elegiya” sənədli filmi nümayiş olunub.