DSX-nin Xüsusi Məktəbində 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilərək, müqəddəs savaşda şücaətlə döyüşmüş sərhədçilərin bu şanlı “Zəfər Günü”nü yüksək coşqu ilə qarşıladıqları vurğulanıb.
Kursantlar tədbirdə şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.
Sonda iştirakçıları və yarışların qalibləri fəxri fərman və diplomlarla təltifləndiriliblər.