Dubayda Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Əbu-Dabi, 10 may, AZƏRTAC
Dubayda İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən keçmiş SSRİ ölkələrinin BƏƏ-dəki diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, diaspor üzvləri, BƏƏ ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov da çıxış edib.
Azərbaycanın müharibədə oynadığı vacib roldan danışan səfir bildirib ki, xalqımız özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Qeyd edilib ki, bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşüb. Diplomat, həmçinin müharibə zamanı 416-cı diviziyanın, leytenant Rəşid Məcidovun qəhrəmanlığından, azərbaycanlıların partizan döyüşlərindəki şücaətlərindən danışıb.
Azərbaycanın səfiri 9 May-Qələbə Gününə ümummilli lider Heydər Əliyev tərəfindən yüksək önəm verildiyini bildirib. Bu gün Prezident İlham Əliyev tərəfindən müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı hər il Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak edir və veteranlarla görüşür.
Tədbirdə ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov da iştirak edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi