DÜNYA AZƏRBAYCANLILARI ZIYALILARININ FORUMU MÜVƏFFƏQİYYƏTLƏ KEÇMİŞDİR
Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir ki, tədbirdən məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və yazıb-yaradan azərbaycanlı ziyalıları bir araya gətirmək, onları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına fəal cəlb etmək idi. Dünyanın 17 ölkəsindən gəlmiş Azərbaycan və türk icmalarının, digər millətlərin diaspor təşkilatlarının, Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi forumda bir sıra vacib məsələlər geniş müzakirə olunmuşdur. Ölkəmizin sürətli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, demokratik dəyərlərin təşəkkülü sahəsində əldə olunmuş nailiyyətlərin Azərbaycan diasporunun formalaşması üçün etibarlı siyasi, iqtisadi və mənəvi zəmin yaratdığı xüsusi qeyd olunmuşdur. Ötən illərdə bu sahədə qazanılmış uğurlar, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid amal ətrafında təşkilatlanması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər dövlətimizin diaspor quruculuğu işinə verdiyi diqqətin məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Sonda forum iştirakçılarının “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti” və bəyanatı qəbul olunmuşdur. Tədbir çərçivəsində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Amerikada fəaliyyət göstərən Azərbaycan icmalarının toplantıları, Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanmasına həsr olunmuş konfrans keçirilmiş, müvafiq sənədlər imzalanmış, qərarlar qəbul edilmişdir.
Forumun müvəffəqiyyətlə keçdiyini vurğulayan N. İbrahimov qeyd etmişdir ki, bu cür tədbirlər Azərbaycanın və Türkiyənin problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında və həllində mühüm rol oynayacaqdır.
Dövlət Komitəsi yaxın vaxtlarda Azərbaycanda doğulmuş və hazırda dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin, eləcə də elm adamlarının toplantılarını keçirmək niyyətindədir.