DÜNYA BANKI ABŞERON YARIMADASININ EKOLOJİ
SAĞLAMLAŞDIRILMASI LAYİHƏSİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Kəmaləddin Heydərov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur sektorunun direktoru Piter Tomson ilə görüşmüşdür.
Dünya Bankının ölkəmizdə aparılan islahatlara göstərdiyi marağa və yardıma görə təşəkkür edən nazir Kəmaləddin Heydərov, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu söyləmişdir.
Dünya Bankının Abşeron yarımadasının ekoloji sağlamlaşdırılması layihəsi, su, kanalizasiya və nəqliyyat sektorlarında islahatların həyata keçirilməsində iştirakı məsələlərini müzakirə etmək üçün respublikamıza gəldiyini vurğulayan qonaq, mövcud vəziyyətlə əlaqədar fikirlərini açıqlamışdır.
Cənab Piter Tomson Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə layihə ilə bağlı müzakirələr aparıldığını bildirmiş, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının təmizlənməsi istiqamətində görüləcək işləri diqqətə çatdırmışdır. O, problemlə təkcə ayrı-ayrı strukturların deyil, bu işlə bilavasitə məşğul olan qurumun yaradılmasını məqsədəuyğun hesab etmiş və Dünya Bankının ilkin mərhələdə layihənin maliyyələşdirilməsini nəzərdə tutduğunu söyləmişdir.
Nazir Kəmaləddin Heydərov Dünya Bankının bu məsələyə önəm verməsindən razı qaldığını söyləmiş, problemin həlli, neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ayrı-ayrı ölkələrlə bu sahədə əlaqələrin qurulduğunu vurğulamışdır.
Bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirədən danışan Kəmaləddin Heydərov, Fövqəladə Hallar Nazirliyinin əhalinin sağlamlığının, ərazilərin təhlükəsizliyinin qorunması naminə zəruri tədbirlərin görülməsinə xüsusi diqqət yetirdiyini, problemin həllinə yönələn təkliflərin hazırlandığını qonağın diqqətinə çatdırmışdır.
Görüşdə müzakirə olunan məsələ ətrafında geniş fikir mübadiləsi aparılmışdır.