İDMAN
Dünya çempionatında dava salan kartinq sürücüsü idmandan getdiyini elan edib
![Dünya çempionatında dava salan kartinq sürücüsü idmandan getdiyini elan edib](/files/2020/3/1200x630/16019830643524151391_1200x630.jpg)
Bakı, 6 oktyabr, AZƏRTAC
İtaliyalı Luka Korberi Lonato şəhərində keçirilmiş kartinq üzrə dünya çempionatında yarış zamanı və finişdən sonra dava saldığına görə avtoidman ictimaiyyətindən üzr istəyib.
AZƏRTAC xəbər verir ki, “Facebook” səhifəsində bununla bağlı paylaşım edən idmançı etdiyi hərəkətdən peşman olduğunu və bir daha yarışlara qatılmayacağını bildirib: “Etdiyim hərəkətə görə avtoidman ictimaiyyətindən üzr istəyirəm. Niyə bu qədər biabırçı hərəkət etdiyimi izah etmək üçün heç bir bəhanə yoxdur. Karyeramın 15 ilində heç vaxt belə bir şey etməmişəm və ümid edirəm gələcəkdə heç kim bunu görməyəcək. Yarışdan sonra hakimlər məni çağırdıqları zaman səhvlərimi tam başa düşdüyüm üçün onlardan yarış lisenziyamı götürmələrini xahiş etdim. Amma onların bunu etmək səlahiyyətləri olmadığına görə, ömrüm boyu daha bu idman növündə yarışlarda iştirak etməməyə qərar verdim. Düşünürəm ki, bu, doğru addım olacaq”.
İdmançı ailəsinin 1985-ci ildən kartinqlə məşğul olduğunu, o zamandan idmanda yaxşı və pis şeylər gördüklərini, amma bu hadisənin ən pis epizodlardan biri olduğunu bildirib. O, qeyd edib ki, tələb olunan cəzalarla razıdır.