DÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, həmkarlar ittifaqlarının nümayəndələri və başqaları iştirak etmişlər.
Çıxış edənlər Azərbaycan Respublikası əmək qanunvericiliyi sisteminə aid normativ-hüquqi aktlar sırasında sağlam iş şəraitinin yaradılması sahəsində hökumətin son bir neçə ildə qəbul etdiyi qərarların əhəmiyyətindən, QİÇS-ə yoluxmuş xəstələrin sosial hüquqlarının qorunmasından, bu xəstəliyin qarşısının alınması istiqamətində görülən işlərdən, uşaq əməyindən danışmışlar. T.Budaqov qeyd etmişdir ki, İİV virusuna yoluxmuş xəstələr əlillik statusu alırlar.
Uşaq əməyi problemindən danışan Ə.Məmmədov bununla bağlı respublikanın 8 rayonunda aparılan araşdırmalar barədə məlumat vermişdir. Uşaq əməyindən istifadənin qarşısının alınması və onun ən pis formalarının ləğv edilməsi istiqamətində aparılan işlərin hələ də qənaətbəxş olmadığını deyən natiq, bunun üçün Beynəlxalq Əmək Təşkilatının kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin məsuliyyətinin artırılmasına yönəldilmiş layihəyə qoşulduqlarını bildirmiş, BƏT-in dəstəyi ilə hazırlanmış layiqli iş yerinə dair Ölkə Proqramı barədə məlumat vermişdir.
İİV epidemiyasının Azərbaycandakı vəziyyəti ilə bağlı məlumat verən AİDS-lə mübarizə milli mərkəzinin direktoru Qalib Əliyev 1987-2006-cı illər arasında yoluxmaların sayının 928-i ötdüyünü açıqlamışdır. İndiyədək təşkil olunmuş seminarlarda bəşəriyyətin qlobal faciəsinə çevrilən və sosial-iqtisadi inkişafa təhlükə yaradan bu bəlaya qarşı mübarizəni gücləndirmək üçün hökumət, işəgötürənlər və işçilər, eləcə də, QHT-lər və mütəxəssislər arasında dialoqun inkişafına və danışıqlar aparılmasına ehtiyac olduğu vurğulanmışdır. Mərkəz bütün məlumatlarını yeni açılmış internet ünvanında yerləşdirmişdir (www.aids.az).
Sonda əməyin təhlükəsizliyi ilə bağlı yeni təkliflərin yaxın gələcəkdə hazırlanıb, müzakirəyə veriləcəyi qeyd olunmuşdur.