DÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCANDA VƏRƏMƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Son vaxtlar kütləvi informasiya vasitələrində Azərbaycanda vərəm xəstəliyinin ilkin mərhələsində xəstəliyin dərmana davamlı klinik formalarının yuxarı nisbətdə olduğu bildirilir. Bu informasiya Almaniya hökumətinin dəstəyi ilə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda aparılan ilkin tədqiqatların nəticələrinə əsaslanır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq təşkilatların sıx əməkdaşlığı və nazirliyin təşəbbüsü ilə bu nəticələr daha ətraflı təhlil edilmiş və məlum olmuşdur ki, patoloji nümunə götürülmüş ilkin xəstələrin 51 nəfəri ilkin xəstə kimi qeydiyyatdan keçmiş, lakin əvvəllər müalicə olunmuş (gizli, pərakəndə, tam və düzgün müalicə kursu olmayan, xəstələrin özü tərəfindən təyin olunan müalicələr və s.), vaxtı ilə qeydiyyata düşməyən və sonradan ilkin xəstə kimi qeydiyyata alınan xəstələr qrupudur. Bu qrup xəstələr ilkin xəstələr deyil, təkrar xəstələr qrupuna aid edilmişdir. Son nəticələr və bütün məlumatlar haqqında müraciət Dünya Səhiyyə Təşkilatının (DST) baş qərargahına göndərilmişdir.
Dünya Səhiyyə Təşkilatının Baş direktorunun vərəm, QİÇS/İÇV, malyariya və tropik xəstəliklər üzrə yardımçısı doktor Hiroki Nakataninin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı cavab məktubunda bildirilir ki, təşkilat son nəticə və göstəriciləri qəbul etmiş, DST-in vərəm üzrə IV hesabatına ən son dəqiq məlumatlar əlavə ediləcəkdir.
Məktubda doktor Nakatani Azərbaycanda vərəmə qarşı səmərəli mübarizə tədbirlərini yüksək qiymətləndirmiş və DST-in bu sahədə ölkəmizə hərtərəfli texniki yardım göstərməyə hazır olduğunu vurğulamışdır. Doktor Nakatani bu məlumatları Cenevrədəki beynəlxalq təşkilatlara, BMT qurumlarına və Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinə də göndərmişdir.