Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə Çərçivə Konvensiyasının 10 ili tamam olur
Bakı, 27 fevral, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə Çərçivə Konvensiyası 2005-ci il fevralın 27-də qüvvəyə minib. Bu illər ərzində Konvensiyaya qoşulan 180 dövlət siqaretçəkmə ilə mübarizə üzrə bir sıra uğurlu tədbirlər həyata keçiriblər. Bununla belə, DST və hökumətlərin qarşısında mühüm vəzifələr durur. Tütün sənayesinin məhdudlaşdırılmasında ortaya çıxan yeni problemlər hələ də öz həllini gözləyir.
Konvensiya katibliyi rəhbərinin sözlərinə görə, sənədin qəbul olunduğu vaxtdan keçən 10 il ərzində əhəmiyyətli dəyişikliklər baş verib. Siqaret artıq sosial davranış normasına uyğun deyil. Tütün məmulatlarının reklam və sponsorluğuna ciddi şəkildə məhdudiyyət qoyulub. Dünyanın bir çox ölkələrində müəyyən yerlərdə tütündən istifadəni qadağan edən hüquqi normativ sənədlər qəbul olunub.
Konvensiya iştirakçılarının 80 faizi tütünə nəzarət sahəsində qanunvericiliyi möhkəmləndirib. Siqaret bağlamalarının qiyməti orta hesabla 150 faiz artıb, təxminən bu bağlamaların 75-85 faizində tütünün zərərləri təsvir edilib. İrlandiya, Yeni Zelandiya, Finlandiya kimi ölkələr və Sakit okean regionundakı ada dövlətlər siqaret çəkənlərin payının beş faizə qədər azaldılmasını qarşıya məqsəd qoyub.
DST ümid edir ki, Konvensiyanın yerinə yetirilməsi siqaret çəkən yeniyetmələrin sayını 30 faiz azaldacaq. Bu isə 2025-ci ildə qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının 25 faiz azaldılmasına kömək edəcək.