CƏMİYYƏT
Dünyada koronavirusa yoluxanların sayı 520 milyonu keçib
Bakı, 19 may, AZƏRTAC
Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 520 milyonu, ölüm hallarının sayı isə 6,27 milyonu ötüb. Bunu AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə istinadla xəbər verir.
Gün ərzində yoluxma hallarının sayında 606.079, ölüm hallarının sayında isə 1.542 artım qeydə alınıb.
ÜST-nin koronavirusa yoluxanlar və ölənlər haqqında statistikası yalnız dövlətlər tərəfindən rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır. Yoluxma hallarında 500 milyonluq hədd aprelin 14-də, 400 milyonluq hədd - fevralın 10-da, 300 milyonluq hədd - yanvarın 8-də, 200 milyonluq hədd isə ötən il avqustun 5-də qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının ÜST-yə daxil olan ən çox sayı (81.824.843) ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (43.127.199), Braziliya (30.701.900), Fransa (28.372.414) və Almaniya (25.890.456) yer alıblar. Ən çox ölüm halları da ABŞ-da da qeydə alınıb - 992.667, ikinci yerdə Braziliya (664.987), üçüncü yerdə isə Hindistan (524.293) qərarlaşıb. Daha sonra Rusiya (377.975) və Meksika (324.617) yer alıblar.
Epidemioloji bülletendə qeyd olunur ki, mayın 9-dan 15-dək olan həftə ərzində dünyada koronavirusa 3 milyon 699 min 960 yoluxma halı, 9 min 806 ölüm halı aşkar olunub. Yoluxma halları əvvəlki 7 günlə müqayisədə 1 faiz artıb, ölüm nisbəti isə 21 faiz azalıb. Yoluxma hallarında ən böyük artım (63 faiz) Şərqi Aralıq dənizi bölgəsində qeydə alınıb, ölüm hallarının sayı isə Afrikada əhəmiyyətli dərəcədə (48 faiz) artıb.