Dünyanın 15-dən çox ölkəsinin tanınmış kardioloqları Bakıda azərbaycanlı həmkarları ilə müzakirələr aparırlar
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin III milli konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konqresin işində Azərbaycanın müxtəlif bölgələrindən 1500-dən artıq tibb işçisi, o cümlədən dünyanın 15-dən çox ölkəsinin tanınmış kardioloq və kardiocərrahları iştirak edirlər.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Firdovsi İbrahimov diqqətə çatdırıb ki, belə mühüm tədbirlərin ölkəmizdə reallaşması ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsinin məhz ümummilli liderimizin şəxsi təşəbbüsü əsasında sürətli inkişaf yoluna qədəm qoyduğunu deyən F. İbrahimov məlumat verib ki, konqresdə yerli mütəxəssislərin 75, xarici kardioloqların isə 25 məruzəsi dinləniləcəkdir. Artıq paralel olaraq dörd zalda kardiologiyanın müxtəlif problemlərinə dair müzakirələr gedir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri onu da qeyd edib ki, hazırda dünyada ölüm hallarının 50 faizdən çoxu ürək-damar xəstəlikləri ilə əlaqədardır. Buna görə ölkəmizdə kardiologiya sahəsinə xüsusi diqqət yetirilir. Artıq ürək-damar xəstəliyindən dünyasını dəyişən insanların sayı azalmaqdadır. Azərbaycanda səhiyyənin bu sahəsində çox böyük inkişaf müşahidə olunur. Xarici mütəxəssislərlə də tez-tez müzakirələr apararaq bu sahənin daha da inkişaf etdirilməsinə çalışırıq. Konqresdə kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə də toxunulacaqdır.
Konqres işini sabah da davam etdirəcək.