DÜNYA
Düşənbədə “Davamlı inkişaf üçün su: 2018-2028” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
Cari ilin iyunun 20-22-də Düşənbədə “Davamlı inkişaf üçün su: 2018-2028” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli keçirdiyi mətbuat konfransında bildirib. Səfir qeyd edib ki, beynəlxalq konfransda 100 ölkədən 1000-dən çox yüksək səviyyəli qonağın, dövlət və hökumət rəhbərlərinin, nazirlərin və digər rəsmilərin iştirakı nəzərdə tutulub.
Diplomatın sözlərinə görə, beynəlxalq konfransda BMT, ATƏT, Avropa İttifaqı, MDB və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Səfir Rustam Soli vurğulayıb ki, konfransın əsas məqsədi su üzrə davamlı inkişafa nail olmaq üçün tədbirlərin və siyasi dialoqun davam etdirilməsidir. Konfrans çərçivəsində 2018-2028-ci illər ərzində davamlı inkişaf üçün su üzrə qlobal, regional və ölkələr səviyyəsində görüləcək işlər müzakirə ediləcək. Səfir bildirib ki, konfransın əsas məqsədi Davamlı İnkişaf proqramı çərçivəsində beynəlxalq ictimaiyyəti maarifləndirməkdir. Beynəlxalq tədbirdə iştirakçı dövlətlərin nümayəndələri ilə su ehtiyatlarının əldə olunması yolları da müzakirə olunacaq.
Bundan başqa R.Soli əlavə edib ki, konfransda Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir.