CƏMİYYƏT
Düzgün saxlanılmayan qidaların qəbulu uşaqlarda rotavirusa səbəb olur
![Düzgün saxlanılmayan qidaların qəbulu uşaqlarda rotavirusa səbəb olur](/files/2022/2/1200x630/1656073912379122994_1200x630.jpg)
Bakı, 24 iyun, AZƏRTAC
Rotavirusun əsas əlamətləri yüksək hərarət, qusma və ishaldır. Mövsümü xarakter daşıyan bu virus əsasən 5 yaşınadək uşaqlarda özünü büruzə verir. Xəstəlik gigiyenik qaydalara riayət edilməməsi və düzgün saxlanılmayan qidaların qəbulu nəticəsində yaranır.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Günay Rəsulova deyib: “Çirkli dəniz və hovuz suyunun udulması və düzgün saxlanılmayan qidaların istehlakı ilə əlaqədar uşaqlarda yaranan çoxlu mədə-bağırsaq pozuntuları müşahidə edilir. Üzərinə Günəş şüası düşən adi plastik qablardakı suların, hətta şokolad, şirniyyat və paketli qidaların istifadəsi də uşaqlarda qida toksikoinfeksiyasına səbəb olur. Ona görə də valideynlər yalnız saxlanılma rejiminə düzgün əməl olunan qidaların uşaqlara verilməsinə nəzarət etməlidirlər”.
Virusun yaranma səbəblərindən biri də mövsümü olmayan meyvə və tərəvəzlərin qəbul edilməsidir. Həkim-pediatr qeyd edib ki, körpəyə dondurulmuş suyun verilməsi də tövsiyə olunmur: “Uşaqların süni yolla yetişdirilmiş qidalardan istifadəsi də mədə-bağırsaq sistemi funksiyalarının pozuntularına aparıb çıxarır. Düzgün saxlanılmayan dondurulmuş suların istifadəsi uşaqda qusma və mədə-bağırsaq narahatlığına aparıb çıxara bilər. Bunun səbəbi rotavirusla əlaqədar qastreontitlərdir”.
Xəstəliyə yoluxan uşaqlara yağlı və südlü qidaların verilməsi tövsiyə edilmir. Yalnız çoxlu maye qəbul etmək vacibdir.