Dvorkoviç: FIDE şahmatın yenidən Afrika və Asiya Oyunlarının proqramına salınmasından çox məmnundur
Bakı, 27 avqust, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatın fasilədən sonra Afrika və Asiya Oyunlarının proqramına salınmasından çox məmnundur.
AZƏRTAC xəbər verir ki, avqustun 19-dan 31-dək Mərakeşdə təşkil olunan Afrika Oyunları çərçivəsində təşkilatın himayədarlığı ilə keçirilən şahmat çempionatını ziyarət edən FIDE-nin prezidenti Arkadi Dvorkoviç bu barədə bu gün Kasablankada TASS-a bəyan edib.
“Beynəlxalq Şahmat Federasiyası müntəzəm olaraq iri şahmat yarışları keçirir. Əlbəttə ki, Afrika, Cənubi Amerika, Cənub-Şərqi Asiya kimi qitə və regionlar onların aparıcı şahmatçılarının iştirak edə biləcəyi turnirlərin çatışmazlığından əziyyət çəkirlər”, - deyə Dvorkoviç qeyd edib.
“Onlar daha çox Avropaya, Çinə, Hindistana və ABŞ-a yarışlara getməyə məcbur olurlar. Lakin cənub ölkələrindən olan şahmatçılara bu, baha başa gəlir. Onlar sadəcə olaraq, belə turnirlərdə iştirak edə bilmirlər. Buna görə də iri turnirləri məhz Afrika, Asiya və Cənubi Amerikada təşkil etmək vacibdir”, - deyə FIDE prezidenti əlavə edib.
FIDE rəhbəri şahmatın iri beynəlxalq forumlarda nəzərəçarpacaq idman növü olmasının mühümlüyünü qeyd edib. O deyib: “Şahmatın Olimpiya Oyunlarının proqramına salınması barədə danışmaq hələ tezdir. Lakin Afrika, Asiya, Avropa və Panamerika qitə oyunlarında şahmat mütləq iştirak etməli və təqdim olunmalıdır”.
“Biz şahmatın fasilədən sonra Afrika və Asiya Oyunlarının proqramına yenidən salınmasına şadıq. Kasablankada keçirilən çempionat iyirmidən artıq Afrika ölkəsinin təmsilçiləri üçün ilin mühüm hadisəsidir. Turnir bütün dünyada yayımlanacaq, onlar öz məharətini nümayiş etdirəcəklər. Bundan başqa, bu, Beynəlxalq Olimpiya Komitəsi üçün bizim ciddi məramlarımızın mövcudluğu barədə yaxşı siqnaldır”, - deyə Dvorkoviç sözünə yekun vurub.
Afrika Oyunları çərçivəsində şahmat yarışları Kasablankada “Grand Mogador” otelində keçirilir. Yarışlarda rapid (qarışıq komandalar, qadınlar, kişilər) və blits (kişilər, qadınlar) üzrə 5 dəst mükafat uğrunda mübarizə aparılır. Turnirə avqustun 28-də yekun vurulacaq.