E.Babayev: Elmin İnkişafı Fondu “Şuşa qrantı” müsabiqəsini hər il keçirəcəkdir
Bakı, 22 sentyabr (AZƏRTAC). Elmin İnkişafı Fondu (EİF) tərəfindən bu il mayın 8-də təsis olunmuş birinci beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsi xüsusi məqsədli qrant layihəsi sayılır və mütəmadi olaraq hər il keçiriləcəkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində EİF-in icraçı direktoru Elçin Babayev demişdir.
E.Babayev bildirmişdir ki, müsabiqənin məqsədi təkcə Şuşanın deyil, bütövlükdə Qarabağın və hətta ona bitişik ərazilərin, Qarabağla əlaqəsi olan regionların tarixindən, mədəniyyətindən, bitki örtüyündən tutmuş onların geoloji cəhətdən öyrənilməsinə qədər sahələri əhatə edən bütün elmi-tədqiqat layihələrinin yerinə yetirilməsinə dəstək vermək, onları stimullaşdırmaq və alimlər üçün lazımi şəraiti yaratmaqdan ibarətdir.
EİF-in icraçı direktoru vurğulamışdır ki, birinci “Şuşa qrantı” müsabiqəsinə doqquz layihə daxil olmuş və onlardan beşi qalib elan edilmişdir. Həmin layihələrin ümumi maliyyə həcmi 170 min manatdır. Layihə rəhbərləri və icraçılar ölkənin müxtəlif qurumlarını təmsil edirlər. Bu, bir daha onu deməyə əsas verir ki, dövlətimizin başçısı tərəfindən 2009-cu ildə təsis edilmiş EİF bütövlükdə Azərbaycanda elmin inkişafına xidmət etmək üçün yaradılmışdır. Bizim üçün əsas qayə, əsas meyar elmi ideyalar və bu ideyaların reallaşdırılma dərəcəsi, gözlənilən nəticələr və onların əhəmiyyəti, eyni zamanda, azərbaycançılıq ideologiyası çərçivəsində ölkənin dünyada tanıdılması, tarixi həqiqətlərin ortaya qoyulması və azərbaycançılıq ideologiyasının elmi bazislərlə inkişaf etdirilməsindən ibarətdir.
Qalib layihələrdən dördü fundamental tədqiqat işləri, biri isə elmi nəşrlə bağlıdır. Həmin fundamental tədqiqat işləri sırasında iki beynəlxalq layihə xüsusilə qeyd olunmalıdır. Bunlardan biri Azərbaycan və Almaniya alimlərinin birgə tədqiqat layihəsidir və Qarabağın azərbaycanlı elitasının XVIII əsrin sonundan XX əsrin sonunadək dövrünün tədqiqi ilə bağlıdır. Qarabağın etnomədəni tarixinin araşdırılmasına həsr olunan digər beynəlxalq layihə isə Ukraynanın “Nomos” Geosiyasi Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçiriləcəkdir.
E.Babayev bildirmişdir ki, “Suşa qrantı” layihəsi elan olunduqdan sonra geniş əks-səda doğurmuşdur. Müsabiqənin nəticələrinin 21 sentyabr - Beynəlxalq Sülh Günündə elan edilməsi bizim sülhsevər xalq olduğumuzu bir daha göstərmək istəyimizdən irəli gəlmişdir. İnanıram ki, ilk müsabiqədə seçilmiş layihələr uğurlu olacaq və növbəti elmi yarışlarda bu layihələrin coğrafiyası, mövzu və əhatə dairəsi daha da genişlənəcəkdir.