Ebola qızdırması epidemiyası qurbanlarının sayı 1013 nəfərə çatıb
Bakı, 12 avqust (AZƏRTAC). Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Qərbi Afrika ölkələrində Ebola qızdırması epidemiyası qurbanlarının sayı artaraq 1012 nəfərə çatıb, 1848 adam isə virusa yoluxub.
AZƏRTAC DST-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin səhiyyə sahəsində xüsusi agentliyinin informasiyasına görə, avqustun 7-dən 9-dək Qvineya, Liberiya, Syerra-Leonedə bu təhlükəli xəstəliyə 69 yoluxma faktı qeydə alınıb, 52 nəfər dünyasını dəyişib. DST-nin ötən həftə beynəlxalq miqyaslı təhlükə elan etdiyi Ebola virusunun səbəb olduğu xəstəlikdən ölənlərin çoxu Qvineya sakinləridir. Burada epidemiya ötən ilin dekabrında başlayıb: nəticədə 315 nəfər dünyasını dəyişib. Qonşu Liberiyada 323 adam, Syerra-Leonedə 315 adam ölüb. Nigeriyada ölüm hallarının sayı dəyişməyib: Ebola qızdırması iki nəfərin ölümünə səbəb olub.
Daha əvvəl ABŞ Prezidenti Barak Obama və Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi (FDA) Liberiya hökumətinin Ebola virusuna yoluxanların müalicəsi üçün eksperimental zərdabın göndərilməsi tələbini təqdir ediblər.
Qeyd edək ki, DST “müalicəsi üçün qeydiyyata alınmış vaksinin və ya dərmanın olmadığı bu xəstəliyə qarşı mübarizə üçün effektiv, lakin sınaqdan keçirilməyən preparatlardan istifadə etmək mümkündürmü” sualına cavab vermək məqsədi ilə avqustun 11-də tibbi etika üzrə ekspertlərin telekonfrans rejimində müşavirəsini keçirib.