Ədəbiyyat İnstitutu əməkdaşlarının Qarabağ mövzusunda 10-dan çox kitabı nəşr olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş “Ədəbiyyat İnstitutunun Qarabağnaməsi” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli tarixi Qələbəmizin əhəmiyyətindən söz açıb. Bildirib ki, ölkəmizdə, o cümlədən akademiyada Zəfər Gününə aid tədbirlər davam edir. AMEA-da çalışan alimlərin 38 rəsm əsəri Qarabağ mövzusundadır. Bölmənin isə bu mövzuya həsr olunmuş 39 kitabı çap olunub. İndiyədək Qarabağ mövzusunda Ədəbiyyat İnstitutunun əməkdaşlarından Elçin Mehrəliyevin 4, Mərziyyə Nəcəfovanın 5, Fəridə Hicranın 3 kitabı nəşr olunub, Əlizadə Əsgərli və Bahar Bərdəlin də kitabları var”.
Sonra Ədəbiyyat İnstitutunun elmi işlər üzrə müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərli “Ədəbiyyatımızda Qarabağ mövzusu: İnstitut əməkdaşlarının elmi tədqiqatlarına baxış” mövzusunda məruzə ilə çıxış edib. O, Qarabağ mövzusunda tədqiqat aparmış əməkdaşlardan Elçin Mehrəliyevin və Mərziyyə Nəcəfovanın doktorluq dissertasiyalarını xüsusi qeyd edib.
Alimlərdən Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Leyli Əliyeva, Fəridə Hicran, Bahar Bərdəli, İbrahim Yusifoğlu və Zəkulla Bayramlı bədii nümunələrlə çıxış ediblər.