Ədəbiyyat İnstitutunda böyük özbək mütəfəkkiri Zahirəddin Məhəmməd Baburun 535 illiyi qeyd olunub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə böyük özbək mütəfəkkiri, görkəmli dövlət xadimi, ensiklopedik alim və şair Zahirəddin Məhəmməd Baburun anadan olmasının 535 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Zahirəddin Məhəmməd Baburun görkəmli dövlət xadimi kimi fəaliyyətindən, bədii irsindən danışıb. Akademik bildirib ki, Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Babur Şərqdə böyük dövlətçilik ənənəsinin mövcudluğunu isbat edən qüdrətli şəxsiyyətlər olublar.
Konfransda Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev Zahirəddin Məhəmməd Baburun zəngin yaradıcılığının bu gün qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı üçün mükəmməl zəmin formalaşdırdığını bildirib.
Milli Məclisin aqrar komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin tarixindən, müasir inkişaf səviyyəsindən bəhs edib.
Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana Zahirəddin Məhəmməd Baburun zəngin dövlətçilik fəaliyyətindən, şair kimi yaradıcılığından danışıb.
Beynəlxalq konfransda Daşkənd Milli Universitetinin professoru Həmidullah Baltabayevin “Özbəkistanda Zahirəddin Məhəmməd Babur yaradıcılığının öyrənilməsi”, Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsinin sədri, filologiya elmləri doktoru Almaz Ülvinin “Baburoğulları dönəmində Hindistanda memarlıq və incəsənət: Humayun türbəsi və onun memarı”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Zahirəddin Məhəmməd Baburun lirikası: dövlətçilik və şeiriyyət” və dosent Akif Azalpın “Baburnamə” ümumtürk intibahının milli ensiklopediyası kimi” mövzularında məruzələri dinlənilib.