Ədəbiyyat Muzeyində Siciliya urbanizasiya tarixinə həsr olunmuş seminar
Bakı, 25 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, seminar məşğələsində Doktorantura, elmi inkişaf və süni intellekt inteqrasiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova “Ərəb ağalığı dövründə Siciliyada urbanizasiya prosesi (IX-XI əsrlər)” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, IX-XI əsrlərdə Siciliya adasının zəbt edilməsinə bir qənimət və sərvət mənbəyi kimi baxan ərəblər zaman keçdikcə bu ərazilərin miqyasını genişləndirmişlər. Xüsusilə, Palermo şəhərinin fəthi adanın müsəlmanlaşması yolunda böyük addım olmuşdu.
Məruzəçi qeyd edib ki, tarixi Siciliya barədə mühüm məlumatlara ərəb səyyahı və coğrafiyaşünası İbn Hauqalın “Yollar və məmləkətlər” əsərində rast gəlinir. Əsərdə əsas diqqət Palermo şəhərinə yönəlib.
Cəmilə Dəmirova vurğulayıb ki, İbn Hauqala görə Siciliyada məscidlər çoxluq təşkil edib. Siciliyanın şəhərləri özündə həm müsəlman, həm qədim yunan və Roma, həm də slavyan memarlığına xas cəhətləri birləşdirirdi. Kilsələrin məscidlərə çevrilməsi, dairəvari müsəlman şəhərlərindən fərqli şəhərlərin salınması, daş hasarların və qalaların çoxluğu Siciliyanın ümumi memarlıq mənzərəsi idi.
Məruzəçi ərəb coğrafi ədəbiyyatında Siciliya barədə mühüm məlumatlar ehtiva edən mənbələrdən biri kimi Yaqut əl-Həməvi əl-Ruminin “Ölkələr toplusu və ya ölkələrin əlifba sırası ilə sadalanması” əsərini də qeyd edib. Bildirib ki, Yaqut əl-Həməvi öz əsərində demək olar, Siciliyanın ona məlum olan bütün şəhərləri barədə məlumat verib.
Araşdırmalarından aldığı nəticələri bölüşərək Cəmilə Dəmirova qeyd edib ki, yaşayış üçün münasib bir ərazi olan Siciliya həm bitki və heyvanlar aləmi, həm də təbii sərvətləri ilə məşhur olub, illər boyu bir çox alim, ədib və şairlər gəlib, burada yazıb-yaradıblar.
Müsəlmanların fəthindən sonra əsrlər boyu Afrika əhalisi ora axışıb və məskunlaşıb.
Seminar məşğələsi muzeyin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Əliyev, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Munisə İsmayılova və digərlərinin sual və çıxışları ilə davam edib.