MƏDƏNİYYƏT
Ədibə İsmayılova: Milli Kitabxananın 100 illiyi ilə bağlı Sərəncam kitaba və kitabxanaya verilən dəyərin bariz nümunəsidir
![Ədibə İsmayılova: Milli Kitabxananın 100 illiyi ilə bağlı Sərəncam kitaba və kitabxanaya verilən dəyərin bariz nümunəsidir](/files/2023/2/1200x630/16886330234626959462_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Bu il Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Bu əlamətdar yubileyin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev iyunun 24-də Sərəncam imzalayıb. Azərbaycan Milli Kitabxanasının yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ölkəmizdə kitab işinə, kitabxanaların inkişafına verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, həm də bu sahənin hər zaman diqqət mərkəzində olduğunu göstərir. Belə bir ərəfədə AZƏRTAC-ın əməkdaşı Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə görüşərək ondan yubiley ilində görüləcək işlər, keçiriləcək tədbirlər, reallaşdırılacaq layihələrlə bağlı məlumat alıb.
Milli Kitabxananın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi məqsədilə imzaladığı tarixi Sərəncama görə ölkə başçısına kollektiv adından və çoxminli oxucular adından təşəkkür edən direktor müavini bu Sərəncamı Azərbaycan xalqının milli mənəvi yaddaşının saxlanc yeri, elm və mənəviyyat məbədi olan Milli Kitabxanaya verilən yüksək diqqətin və qayğının parlaq nümunəsi kimi dəyərləndirib.
Onun sözlərinə görə, il ərzində Sərəncamın icrası ilə əlaqədar bir sıra tədbirlərin təşkili planlaşdırılır. Belə ki, dünya milli kitabxanalarının rəhbərlərinin iştirakı ilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Yubiley ilində Azərbaycan Milli Kitabxanası ilə İtaliya, İspaniya, Litva Milli kitabxanaları və Xorvatiya - Zaqrebdəki Milli və Universitet kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması nəzərdə tutulur. Eyni zamanda, bu il Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclasına və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv Ölkələrin Milli Kitabxana Direktorları Şurasının 6-cı iclasına Azərbaycan Milli Kitabxanası ev sahibliyi edəcək. Həmçinin yubiley nəşrlərinin təqdimatı, kitabxana oxucuları ilə yubiley görüşləri təşkil ediləcək.
“Kitabxananın yubileyinin Bakı şəhərində ali təhsil müəssisələrində və iri kitabxanalarda, həmçinin regionlarda keçirilməsi nəzərdə tutulur. Eləcə də Milli Kitabxana tərəfindən tərtib edilmiş sərgilərin və məlumat bazalarının təqdimat mərasimləri olacaq.
Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatında, Ankarada Türkiyə Milli Kitabxanasında keçirilməsi də gözlənilir.
Prezidentin imzaladığı Sərəncamdan ruhlanaraq, daha böyük nailiyyətlər əldə etməyə çalışacağıq. Bu Sərəncam Azərbaycan Prezidentinin, dövlətimizin mədəniyyətə, mənəviyyata, ədəbiyyata, kitaba və kitabxanaya verdiyi dəyərin daha bir təcəssümüdür”,-deyə Milli Kitabxananın direktor müavini vurğulayıb.