Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi Şirvanda vətəndaşları qəbul edib
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara yüksək xidmət göstərilməsi, onların müraciətlərinə diqqət və xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyinin rəhbərliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov fevralın 1-də Şirvan şəhərində regional ədliyyə idarəsində vətəndaşların qəbulunu keçirib.
Nazir müavini qəbuldan əvvəl Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə isə Penitensiar Xidmətin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.