SİYASƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ QƏBUL
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ABŞ-ın ölkəmizdəki səfiri cənab Ross Uilsonu, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri cənab Endryü Takeri onların xahişi ilə qəbul etmişdir.
Ölkələrimiz arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə qonaqları təbrik edən nazir Azərbaycanın dövlət quruculuğunda mühüm mərhələ olan bu dövrdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılmış demokratik islahatların müsbət nəticələrini vurğulamış, müstəqillik illərində ABŞ və Böyük Britaniya ilə yaradılmış hərtərəfli əməkdaşlığın uğurla inkişaf etməsindən, bu münasibətlərin genişlənməsində hər iki səfirliyin xidmətlərindən razılıq hissi ilə söhbət acmışdır.
Görüşdə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvi nəticəsində Azərbaycanın ədliyyə və məhkəmə orqanlarına yardım imkanı, humanitar təşkilatların fəaliyyəti və hüquqi şəxslərin qeydiyyatı ilə bağlı fikir mübadiləsi aparılmış, Böyük Britaniya və ABŞ-ın Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərinin sayına görə birincilər sırasında olması məmnuniyyətlə vurğulanaraq, bu işin daha da təkmilləşdirilməsi üçün görülən tədbirlərdən, o cümlədən hüquqi maarifləndirmə işinin gücləndirilməsindən danışılmış, eyni zamanda yaradılan şəraitdən sui-istifadə edərək humanitar yardım pərdəsi arxasında zərərli fəaliyyətlə məşğul olan təşkilatların qarşısının alındığı bildirilmişdir.
Həmçinin, qəbul zamanı ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanmış, hüquqi yardım üzrə sorğu olunan konkret məsələlər müzakirə edilmiş, dövlətlərimizin hərtərəfli əlaqələrinin daha da inkişafı üzrə faydalı fikir mübadiləsi aparılmışdır.