CƏMİYYƏT
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində şəxsi heyətin toplantısı keçirilmişdir
![Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində şəxsi heyətin toplantısı keçirilmişdir](/files/2013/3/1200x630/14071451284892130390_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində şəxsi heyətin toplantısı keçirilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, toplantını ədliyyə nazirinin müavini, Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Türkiyə Respublikasının ən ali mükafatı olan “Dövlət nişanı” ordeni ilə təltif olunması bütün Azərbaycan xalqı kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən də böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanmışdır. Xüsusilə vurğulanmışdır ki, bu ali mükafata layiq görülməsi ölkə başçısının uğurla həyata keçirdiyi uzaqgörən, müdrik daxili və xarici siyasətin təzahürüdür.
M.Quliyev həmçinin penitensiar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri barədə məlumat vermişdir.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi Mətanət Əsgərova Penitensiar Xidmətin şəxsi heyəti qarşısında “Azərbaycan ədliyyəsinin tarixi” mövzusunda mühazirə ilə çıxış etmişdir. Bildirilmişdir ki, müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlamışdır. Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır. 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün şərəfinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü elan olunmuşdur.