Efiopiyanın “The Reporter” qəzetində “ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib
Əddis-Əbəbə, 28 dekabr, AZƏRTAC
Efiopiyanın nüfuzlu və geniş oxucu kütləsinə malik “The Reporter” qəzetində “ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib. Məqalədə “ASAN xidmət”in bu ilin dekabrında Afrika İttifaqının mənzil-qərargahında keçirilmiş təqdimatı barədə məlumat verilib. Bildirilib ki, quruma üzv olan 54 ölkənin nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimində Azərbaycanın vətəndaşlara xidmət sahəsində əldə etdiyi təcrübəni Afrika ölkələri ilə bölüşməyə hazır olduğu vurğulanıb.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə “ASAN xidmət”in Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkəmizdə aparılan islahatlar çərçivəsində təsis edildiyi qeyd olunub. Azərbaycanın bu brendinin BMT-nin “Dövlət xidmətləri” mükafatına layiq görüldüyü, dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.
Yazıda, həmçinin paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində dövlət, eyni zamanda, özəl qurumlar tərəfindən vətəndaşlara 230-dan çox xidmətin göstərildiyi vurğulanıb. Dünya standartlarına cavab verən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən ətraflı söhbət açılaraq, bu mərkəzlərdə insanlara operativ və rahat formada, müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsində və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır. “ASAN xidmət” mərkəzləri və səyyar xidmət avtobusları, habelə “ASAN viza” portalı kimi innovativ mexanizmlər vasitəsilə dövlət tərəfindən həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarının rahatlığı təmin edilir.
Məqalədə Azərbaycanın dövlət xidmətlərinin təkmilləşdirilməsi üzrə qabaqcıl təcrübəsinin dünya, o cümlədən Afrika ölkələri üçün də maraqlı ola biləcəyi xüsusi vurğulanıb.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə