Əfsun Sucayev: Kimya İnstitutunda rəqəmsallaşma və elektron idarəetmənin tətbiqinə başlanılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Həyata keçirilən optimallaşdırma tədbirləri nəticəsində Kimya İnstitutunda ümumilikdə 21 laboratoriyanın fəaliyyəti davam etdirilir, həmçinin 2 mərkəzin və zəruri struktur bölmələrinin yaradılması təmin olunub.
Kimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bunu elmi şuranın iclasında institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev söyləyib.
Professor strukturda aparılan dəyişikliklər, görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflər barədə məlumat verib. O, institutda rəqəmsallaşma və elektron idarəetmənin tətbiqi istiqamətində işlərin başlandığını bildirib. Professor müasir laboratoriya idarəçiliyi üzrə kadr potensialının gücləndirilməsi və gənc mütəxəssislərin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Daha sonra beynəlxalq əməkdaşlıq sektorunun fəaliyyət istiqamətlərini təhlil edib. Qeyd edib ki, Kimya İnstitutu ABŞ-nin iki universiteti, Türkiyə universitetləri, Belarus Elmlər Akademiyasının Fiziki Kimya İnstitutu, Qazaxıstanın Kimya Elmləri İnstitutu, Rusiyanın bir sıra elmi-tədqiqat institutları ilə birgə tədqiqatlar aparır.
Professor bildirib ki, innovasiya istiqamətində Yüksək Texnologiyalar Parkının “Sabah City” mərkəzi ilə müqavilə imzalanıb.
Qeyd olunub ki, institutda 2026-cı il üzrə fəlsəfə doktoru hazırlığı üçün 21 vakant yerə 24 nəfər sənəd verib. Onlardan 13 nəfəri ixtisas imtahanında iştirak edib və bütün namizədlər imtahandan məqbul qiymət alıb.
Daha sonra Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova Kimya İnstitutunun 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planını təqdim edib. O bildirib ki, Kimya İnstitutu Strateji İnkişaf Planı çərçivəsində fundamental və tətbiqyönlü tədqiqatların inkişaf etdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi infrastrukturun modernləşdirilməsi və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Strateji sənəd institutun uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir, elmi və innovativ fəaliyyətin vahid məqsədlər ətrafında əlaqələndirilməsini, resurslardan səmərəli istifadəni və nəticələrin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsini nəzərdə tutur.