ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ DÖVLƏTİN DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı avqustun 26-da Qax rayonunda təsərrüfat rəhbərlərinin, aqrar sahədə çalışan fermer və iş adamlarının iştirakı ilə ümumrayon toplantısı keçirilmişdir.
Toplantıda rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İlqar Abbasovun Qaxda aqrar sahənin inkişafı istiqamətində görülən işlər və dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dair məruzəsi dinlənilmişdir.
Məruzəçi demişdir ki, dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyinin nəticəsidir ki, 2008-ci ilin birinci yarısında rayonda bu sahədə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz artmış, payızlıq taxıl əkinlərinin sahəsi 2340 hektar genişləndirilərək, 9950 hektara çatdırılmış, əvvəlki illə müqayisədə 12,8 min ton çox, yəni 24,3 min ton taxıl istehsal olunmuşdur. Heyvandarlığın intensiv inkişafının təmin olunması məqsədi ilə rayonda 1 damazlıq-camışçılıq, 2 damazlıq-arıçılıq təsərrüfatı, habelə 2 süni mayalandırma məntəqəsi yaradılmış, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilmişdir. Rayonda “Aqrolizinq” ASC- nin “Aqrotexservis” xidməti müəssisəsi fəaliyyətə başlamış, müəssisəyə xeyli sayda kənd təsərrüfatı texnikası gətirilmiş, güzəştli qiymətlərlə fermerlərə 233 ton fosfor, 252 ton azot gübrəsi verilmişdir.
Toplantıda çıxış edən təsərrüfat rəhbərləri, fermerlər Azərbaycan Prezidentinin son Sərəncamının respublikada, eləcə də Qax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, heyvandarlığın inkişafına, ölkədə ərzaq bolluğunun yaradılmasına ciddi təsir göstərəcəyini qeyd etmiş, bu qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.