CƏMİYYƏT
ƏHALİNİN TƏMİZ İÇMƏLİ SU İLƏ TƏMİNATI ƏSAS VƏZİFƏLƏRDƏN BİRİDİR
Bakı, 24 (AZƏRTAC). Əhalinin təmiz içməli su ilə təminati əsas vəzifələrdən biridir. Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirilən mətbuat konfransında bildirmişdir.
Nazir məlumat vermişdir ki, quraşdırılmış modul tipli sutəmizləyici qurğular vasitəsilə Kür və Araz sahillərində yaşayan 240 min insan keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Sutəmizləyici qurğuların əhəmiyyətini vurğulayan nazir bildirmişdir ki, təcrübədən çıxmış metod həm az maddi vəsaitin xərclənməsi, həm də təmiz su ehtiyatlarının qorunması baxımından çox əlverişlidir. Vurğulamışdır ki, Azərbaycan su ehtiyatları az olan ölkədir və ”biz keyfiyyətsiz suyu bərpa edən zaman ehtiyatda olan su mənbələrimiz toxunulmamış qalır”.
Kəndlərdə elektrik gərginliyinin aşağı düşməsi ehtimalının da nəzərə alındığını deyən nazir bildirmişdir ki, bunun üçün stabilizatorlar quraşdırılmışdır.
H.Bağırov keçən il Xəzər sahilində təhvil verilən 9 modul tipli sutəmizləyici qurğunun sayının 16-ya çatdırıldığını demişdir. Bu da Pirallahı adasından Sumqayıta qədər ərazidə dənizə çirkab suların axıdılmasının qarşısının alınması ilə nəticələnmişdir.