Əhalinin tibbi müayinələrdən keçirilməsi vətəndaşların sağlamlığına xidmət edən humanist aksiyadır
Astara, 4 aprel (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndələrinin, bələdiyyə sədrlərinin və səhiyyə işçilərinin iştirakı ilə əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın vətəndaşların sağlamlığına xidmət edən humanist addım olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, aksiyanın yüksək səviyyədə və mütəşəkkil keçirilməsi məqsədilə rayon icra hakimiyyətində müvafiq komissiya yaradılmışdır. Ötən müddət ərzində rayonda bu sahədə müəyyən işlər görülmüş, komissiya üzvlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, idarə, müəssisə və təşkilat rəhbərlərinin yaxından iştirakı ilə əhalinin Astara Rayon Mərkəzi Xəstəxanasında qrafik üzrə tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Emin Hüseynin məlumatları dinlənilmişdir. Bildirilmişdir ki, tibbin ayrı-ayrı sahələr üzrə dörd həkim briqadası təşkil edilmiş, tibbi personal təlimatlandırılmış, müayinələr üçün lazımi şəraiti yaradılmışdır. Martın 31-dək rayonun idarə, müəssisə və təşkilatlarından, ayrı-ayrı yaşayış məntəqələrindən 7202 nəfər mərkəzi xəstəxanada tibbi müayinədən keçmişdir.
Yığıncaqda çıxış edənlər müayinələri yüksək səviyyədə başa vurmaq üçün tövsiyə və təkliflərini bildirmişlər.
Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə, idarə, müəssisə və təşkilatların rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, qrafikə ciddi əməl olunması məqsədilə əlavə tədbirlər görülməsi barədə tapşırıqlar verilmişdir. Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə tapşırılmışdır ki, vətəndaşların hamılıqla müayinəyə cəlb edilməsi üçün bütün qüvvə və imkanlar səfərbər olunmalıdır.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.