Əhalinin tibbi müayinəsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla davam etdirilir
Füzuli, 27 mart (AZƏRTAC, Tahir Ağaməmmədov). Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla icra olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn aksiyanın yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılmış, tibb ocaqlarında iş qrafiki tərtib edilmişdir. Rayon sakinləri Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, mərkəzi rayon xəstəxanasında və Füzuli Müalicə Diaqnostika Mərkəzində müayinədən keçirilir. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinlərə evlərdə xidmət göstərirlər. Fevralın 17-dən indiyədək 46 min 616 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Onlardan 736 nəfəri ambulator, 167 nəfər stasionar müalicəyə cəlb edilmiş, 58 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov bildirmişdir ki, aksiya xəstəliklərin erkən aşkarlanmasına və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Odur ki, çalışdığı tibb ocağının həkimləri bu nəcib aksiyaya həvəslə qoşulmuşlar. Müayinələri əsasən, cərrah, terapevt, oftalmoloq, nevropatoloq, şüa-diaqnostika, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar kompyuter tomoqrafiyası, kardioqram, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, həzm, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. İndiyədək müalicə diaqnostika mərkəzində 6369 nəfər vətəndaş müayinə olunmuşdur.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Tibbi müayinədən keçən Horadiz şəhər sakini İbrahimova Şəhla AZƏRTAC-a müsahibəsində demişdir: “Digər sakinlər kimi, həkimlər məni də bu gün hərtərəfli müayinə etdilər. Müayinə zamanı səhhətimdə heç bir problem aşkarlanmadı. Qayğımıza belə yüksək səviyyədə qaldığı üçün dövlətimizə və Prezidentimizə minnətdarıq”.