Əhalinin tibbi müayinəsi Pirallahı rayonunda uğurla davam edir
Bakı, 1 mart (AZƏRTAC, E.Hüseynov). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə başlanılmışdır. Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür zəruri şərait yaradılmışdır. Müayinələr Pirallahı qəsəbəsindəki 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Çilov adasındakı 16 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov məlumat vermişdir. O bildirmişdir ki, fevralın 17-dən indiyədək 2 min 700-dək sakin müayinədən keçmişdir. Bu humanist aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yüksəldilməsi və sağlamlıqlarının qorunması dayanır.
10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov demişdir ki, idarə və müəssisələrdə çalışan insanlar, işləməyən rayon sakinləri, məktəblilər qrafikə uyğun müayinədən keçirlər. Xüsusi yaradılmış həkim briqadası evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. İndiyədək xəstəxanada 1300 nəfərdən çox sakin, o cümlədən 623 işçi, 508 sakin, 278 məktəbli müayinə edilmişdir. Xəstəlik aşkarlanmış 160-dan çox insana müalicə kursları təyin olunmuşdur.
Ölkə rəhbərinin bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri xəstəxana heyətinin işindən, burada yaradılan şəraitdən razılıq edirlər.
Xəstəxanada görüşdüyümüz Səməd Əhmədov, Sevda Alxasova, İlqar Məmmədli ölkə vətəndaşlarının sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlıqlarını bildirmişlər.