Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinin nadir əlyazması Bakıda nümayiş olunur
Bakı, 26 oktyabr, AZƏRTAC
Hüseynzadə Əli Turan Azərbaycan ictimai fikir tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O, xüsusilə 1905-1906-cı illərdə nəşr olunan “Həyat” qəzeti və “Füyuzat” jurnalı vasitəsilə Azərbaycan mətbuatında və ictimai fikir tarixində yeni bir istiqamətin formalaşmasına böyük töhfələr verib. Onun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb, Türkiyənin siyasi və intellektual həyatında da mühüm rol oynayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Ege Universitetinin Ədəbiyyat fakültəsinin dosenti Yılmaz Özkaya deyib.
Onun sözlərinə görə, Hüseynzadə Əli Turanın qızı Feyzavər xanım atasına məxsus zəngin şəxsi arxivi Egey Universitetinə bağışlayıb. Azərbaycan Mədəniyyət Nazirliyi ilə aparılan müzakirələr nəticəsində həmin arxivdə qorunan nadir sənədlərin bir hissəsinin XII Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilməsi qərara alınıb.
“Sərgiyə gətirdiyimiz ən qiymətli sənədlərdən biri Əhməd Cavadın 1918-ci ildə qələmə aldığı “Çırpınırdı Qara dəniz” şeirinin Hüseynzadə Əli Turana göndərdiyi əlyazma nüsxəsidir. Bundan başqa, Əhməd Ağaoğlu və Yusif Akçuranın ona ünvanladıqları məktublardan da nümunələr təqdim etmişik. Bu yazışmalar dövrün ziyalıları arasında mövcud olan ədəbi, mədəni və intellektual əlaqələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məktubların bir hissəsi artıq nəşr olunsa da, arxivdə hələ də araşdırılmağı və ictimaiyyətə təqdim edilməyi gözləyən çoxsaylı sənədlər mövcuddur”, – deyə Yılmaz Özkaya bildirib.

O qeyd edib ki, Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi ərəfəsində Hüseynzadə Əli Turanın bu tarixi hadisədə iştirakına dair sənədlərin nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, görkəmli mütəfəkkir 1926-cı ildə Bakıda keçirilən qurultayda Türkiyədən gəlmiş beş nəfərlik nümayəndə heyətinin tərkibində iştirak edib. Həmin heyətdə tanınmış türk alimi Fuad Köprülü də yer alıb.
“Arxivdə Birinci Bakı Türkoloji Qurultayı ilə bağlı olduqca dəyərli ilkin mənbələr qorunur. Bunların arasında Hüseynzadə Əli Turanın qurultay zamanı apardığı qeydlərdən ibarət üç-dörd dəftər xüsusi diqqət çəkir. Eyni zamanda, qurultayın proqramı, rəsmi blankları, müxtəlif sənədlər, eləcə də həmin günlərdə təşkil olunan konsert və teatr tamaşalarına dəvətnamələr mövcuddur. Sərgidə nümayiş etdirmək üçün gətirdiyimiz nadir eksponatlardan biri də Hüseynzadə Əli Turanın İstanbuldan Bakıya səfəri məqsədilə xüsusi olaraq verilmiş pasportudur. Bu sənədlər həmin dövrün ictimai-siyasi və mədəni mühitinin öyrənilməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir”, – deyə dosent vurğulayıb.
Yılmaz Özkaya bildirib ki, Hüseynzadə Əli Turanın şəxsi arxivində indiyədək nəşr olunmamış çoxsaylı açıqcalar da saxlanılır. Həmin açıqcaların üzərində onun şəxsi həyatı, ailə münasibətləri və dostları ilə yazışmalarına dair qiymətli məlumatlar yer alır. Bu materialların araşdırılması və nəşri həm Azərbaycan, həm də Türkiyənin ədəbiyyat və fikir tarixinin daha dərindən öyrənilməsinə mühüm töhfə verə bilər.
“Hüseynzadə Əli Turan Azərbaycan və Türkiyə arasında siyasi, ədəbi və intellektual əlaqələrin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir. Onun irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyaları sonrakı dövrlərdə Türkiyənin görkəmli mütəfəkkiri Ziya Göyalpın düşüncələrində də öz əksini tapıb. Bu baxımdan Hüseynzadə Əli Turanın zəngin irsinin qorunması, arxiv sənədlərinin tam şəkildə araşdırılaraq nəşr olunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir”, – deyən alim fikirlərini yekunlaşdırıb.