ƏJDƏR AĞAYEVİN ÇIXIŞI
Düşünürəm ki, xalqımız üçün taleyüklü bir siyasi hadisə - prezident seçkiləri ərəfəsində səsvermə hüququ olan 500 min nəfərə yaxın Azərbaycan vətəndaşının - təhsil işçilərinin nümayəndələri öz sözlərini demək üçün bu möhtəşəm salona toplaşıblar.
Hörmətli toplantı iştirakçıları, nəzərə alsaq ki, seçki dairə və məntəqələrinin böyük əksəriyyəti məktəblərdə yerləşdirilmişdir, onda qarşıdan gələn prezident seçkilərində bizim məsuliyyətimiz daha aydın görünər. Belə hesab edirik ki, təhsil işçilərinin bu mühüm siyasi kampaniyada əsas vəzifəsi “Yeni Azərbaycan naminə” İctimai Hərəkata qoşularaq, dövlətimizin başçısı, xalqımızın müdrik milli lideri Heydər Əliyevin prezidentliyə namizədliyini dəstəkləməkdir.
Azərbaycanın dövlət müstəqilliyi əldə edəndən sonra keçdiyi keşməkeşli yola qısa ekskurs edən natiq dedi ki, indi demokratiya pərdəsi altında iqtidar əleyhinə hər cür yalan və iftira söyləməkdən çəkinməyən bir sıra müxalifət qüvvələrinin cəmi 10 il bundan qabaq Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirdiklərini, parçalanmaq təhlükəsi ilə üz-üzə qoyduqlarını xalqımız heç zaman unutmayacaqdır. Biz onu da heç zaman unutmayacağıq ki, yenidən hakimiyyətə qayıdan Heydər Əliyev “Qalan həyatını da xalqına bəxş edərək” onu bəlalardan xilas etdi. Bir-birinin ardınca edilən dövlət çevrilişi cəhdləri siyasi uzaqgörənlik və mətanətlə dəf olundu, inamı özünə qaytarılan xalq bir çağırışla Prezidentinin ətrafında yumruq kimi birləşdi.
Heydər Əliyevin həyatı Azərbaycan Respublikasının 1969-cu ildən bəri 34 illik quruculuq, inkişaf tarixi ilə ayrılmazdır. Möhtərəm Prezidentimizin çoxsahəli fəaliyyətinin hər bir istiqaməti orijinallığı, qloballığı, dayanaqlığı, dinamikliyi və digər nadir keyfiyyətləri ilə seçilən fəaliyyətdir. Yalnız təhsil sahəsini nəzərdən keçirsək, Prezidentimizin milli tərbiyə və təhsil nəzəriyyəçisi kimi fundamental ideyalarını ayrıca qeyd etməliyik. Heydər Əliyevin dövlətçilik və idarəçilik irsində Vətən sevgisi, Azərbaycan sevgisi, azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur.
Natiq belə bir cəhəti xüsusi vurğuladı ki, sovet dönəmində vahid ideologiyaya baxmayaraq, Heydər Əliyev hələ o zaman azərbaycançılığı, milli mənafeləri uca tutmuş, yüksək nüfuzundan istifadə etməklə milli dəyərlərimizə - dilimizə, tariximizə, mənəviyyatımıza, mədəniyyətimizə daha böyük inkişaf imkanları yaratmışdır.
Heydər Əliyevin hakimiyyəti illərində təhsil üzrə bütün sahələrdə həmişə irəliləyiş olmuşdur. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəbinin binası tikilmişdirsə, 1975-ci ildə 48200 nəfərlik 100 məktəb binası inşa edilmişdir.
Heydər Əliyevin qərarı ilə 1978-ci ildən ümumtəhsil məktəblərinin şagirdləri pulsuz dərsliklərlə təmin edilmişdir. Lakin həmin qərar 1992-ci ildə ləğv edilmişdir. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 1995/96-cı tədris ilindən I-IV sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı bərpa olunmuşdur. Yeni dərs ilindən isə ümumtəhsil məktəblərinin V sinif şagirdləri və VI-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün uşaqlar dərsliklərlə pulsuz təmin ediləcəklər. Bu iş mərhələlərlə yuxarı siniflər üzrə də həyata keçiriləcəkdir.
1970-1980-ci illərdə cənab Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda – keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərində 170-dən çox ali məktəbdə ən zəruri ehtiyac duyulan, təqribən 250 ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsinə nail olunduğunu diqqətə çatdıran natiq dedi ki, ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində tamamilə unudulmuş bu təşəbbüs möhtərəm Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra bir daha canlandı. Bunu demək kifayətdir ki, müstəqillik illərində ölkəmizdən kənara 100-dən çox ixtisas üzrə 400-dən artıq azərbaycanlı gənc göndərilmişdir. Hazırda xarici ölkələrin mötəbər ali məktəblərində 3000-dən yuxarı Azərbaycan vətəndaşı təhsil alır.
Möhtərəm Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın rəhbərliyinə yenidən gəlişi ilə bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də yeniliyin, dinamikliyin təmin olunduğunu bildirən məruzəçi dedi ki, yeni ictimai-siyasi, iqtisadi quruluş yeni prinsiplərin tətbiqini tələb edir. Bütün bunlar cənab Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkənin Əsas Qanununda və digər rəsmi dövlət sənədlərində öz əksini tapmışdır.
Ölkəmizin Prezidentinin təhsil sisteminin təkmilləşdirilməsi, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, gənc istedadlara dövlət qayğısı, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındakı və digər fərman və sərəncamlarının, təhsil işçiləri, tələbələr və şagirdlərlə görüşlərində söylədiyi nitqlərinin, müraciətlərinin əxlaqi-mənəvi, dövlətçilik, azərbaycançılıq tərbiyəsinin, demokratik cəmiyyət quruculuğunda fəal iştirak edə bilən vətəndaş hazırlığının nəzəri və praktik əsasına çevrildiyini deyən məruzəçi vurğuladı ki, Azərbaycan təhsilinin Heydər Əliyev mərhələsi tarixi və müasir əhəmiyyətli klassikləşmiş məktəbdir.
Natiq dedi ki, cənab Heydər Əliyevin bu günlərdə müəllimlərin əmək haqlarını 50 faiz artırması, tanınmış təhsil işçilərinə Prezident təqaüdləri verməsi dövlətimizin başçısının pedaqoji işçilərə böyük qayğısının təzahürüdür. Nəzərinizə çatdırmaq istərdim ki, son 10 ildə müəllimlərin əmək haqları 16 dəfə artırılmışdır.
Təhsil sistemini mütəşəkkil bir orqanizmə bənzədən məruzəçi vurğuladı ki, məktəbəqədər tərbiyədən başlamış diplomdan sonrakı təhsilə qədər hər bir pillə və mərhələ mühüm əhəmiyyət daşıyır. Diqqətinizə çatdırmaq istəyirəm ki, ölkəmizin təhsil sahəsində İslahat Proqramının 2000-2003-cü illəri əhatə edən ikinci mərhələsi bu il başa çatır. Deməli, bu il ikinci mərhələdə görülmüş işlərə yekun vurmalıyıq. Bu zaman məktəb tikintisinin vəziyyətinə xüsusi diqqət yetirməliyik. Çünki ölkəmizin Prezidenti cənab Heydər Əliyev 4 oktyabr 2002-ci il tarixli Sərəncamında ümumtəhsil məktəblərinin maddi-texniki bazasını möhkəmləndirmək tələbini irəli sürmüşdür. İnkaredilməz həqiqətdir ki, bəzi orta ümumtəhsil məktəblərindəki sıxlıq pedaqoji prosesin təşkilini çətinləşdirir. Yeri gəlmişkən, qeyd edim ki, Naxçıvan MR-də son beş ildə 75 məktəb binası tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyinin birgə komissiyası işğal olunmuş bölgələr istisna olunmaqla, respublikanın bütün şəhər və rayonlarında hər bir ümumtəhsil məktəbinin maddi-texniki və tədris bazasının vəziyyətini araşdırmış və mövcud vəziyyəti üzə çıxarmışdır. 590 yeni məktəb binasının təxirə salınmadan tikilməsi zəruri hesab edilmişdir. Bu mühüm iş proqram üzrə yerinə yetirildikdən sonra, heç şübhəsiz, həm maddi-texniki baza xeyli yaxşılaşacaq, həm də şagird sıxlığı problemi aradan qalxacaqdır.
Təhsil sistemində proqram və dərsliklər probleminin xüsusi pedaqoji və ideoloji mahiyyət daşıyan bir məsələ olduğunu diqqətə çatdıran məruzəçi dedi ki, bu problem həmişə cənab Prezidentin diqqətindədir və 1999-cu ildən başlayaraq bütün fənlər üzrə yeni proqramların hazırlanmasına başlanılmışdır. Təkcə 2002-2003-cü dərs ilində orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili, riyaziyyat, coğrafiya, biologiya, fizika, kimya proqramları çap edilmişdir.
Proqramın hazırlanması ilə paralel olaraq, ümumtəhsil pilləsi üçün dərsliklərin yeniləşdirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü işlər aparılır. Həmçinin təlim rus dilində olan məktəblərin ibtidai sinifləri üçün 21 adda, V-XI sinifləri üçün isə 15 adda dərslik yeniləşdirilmişdir. Bu iş intensiv olaraq davam etməkdədir. Təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün 146 adda dərslik və dərs vəsaitindən 112-si yenidən yazılmışdır.
Ölkəmizdə orta-ixtisas və ali təhsilin böyük nüfuza malik olduğunu diqqətə çatdıran məruzəçi qeyd etdi ki, təhsilin bu sahələri sürətlə təkmilləşir və inkişaf edir. Orta-ixtisas təhsili sahəsində aparılan islahatların səmərəliliyini təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin 13 sentyabr 2001-ci il tarixli, 963 nömrəli əmri ilə “2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta-ixtisas təhsilinin inkişaf Proqramı” təsdiq olunmuş və bu proqram üzrə işlər görülməkdədir. Ölkədə fəaliyyət göstərən 31 dövlət və 15 özəl ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə kamil mütəxəssislər hazırlanır. Bütün bunlar möhtərəm Prezidentimizin ali təhsilin inkişafına göstərdiyi qayğının təzahürüdür.
Təhsilin yeni demokratik prinsiplərlə idarə olunmasını təmin etmək, təhsil müəssisələrinə daha geniş səlahiyyətlər vermək, onların məsuliyyətini artırmaq, idarəetmədə əks-mərkəzləşməni həyata keçirmək üçün ölkəmizin başçısının müvafiq fərmanları ilə 6 ali təhsil müəssisəsinə özünüidarə prinsipi əsasında fəaliyyət hüququ verilmişdir.
Bu istiqamətdə işin davamı olaraq, “2002-2010-cu illər üçün Azərbaycanda pedoqoji kadr hazırlığının inkişaf Proqramı”nın layihəsi hazırlanaraq pedoqoji ictimaiyyətin geniş müzakirəsinə verilmişdir. Bir sıra ali məktəblər dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələr yaratmış, TEMPUS, TASİS, MBA və s. proqramlar çərçivəsində təqdirəlayiq işlər görmüşdür.
Təhsil Şurasının sədri demişdir ki, tələbələrin biliyinin qiymətləndirilməsində də islahatlar aparılmaqdadır. Hazırda eksperimentlər aparılan ali məktəblərin sayı 16-ya, istiqamətlərin sayı isə 40-a çatdırılmış, eksperimentə cəlb olunmuş tələbələrin sayı isə 30 mini keçmişdir. İnkaredilməz faktdır ki, orta məktəb məzunlarının ali məktəblərə qəbulunda ən yüksək bal toplayanların sayı ildən-ilə artır. Fərəhlidir ki, bunların xeyli qismi cənab Heydər Əliyevin şəxsi qayğısı ilə Prezident təqaüdü alır. Cənab Prezident istedadlı gənclərlə görüşlər keçirir, onlara atalıq tövsiyələri verir.
Təhsil sahəsində beynəlxalq əlaqələri günün aktual məsələlərinə aid edən natiq dedi ki, bu istiqamətdə çox geniş iş görülməkdədir. Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, şagird, magistr və aspirant mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq forumlarda fəal iştirak, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulmaq və onların işində yaxından iştirak etməkdir. Əgər on il bundan əvvəl Azərbaycandan xaricə çox beyin axını var idisə, indi bu axın dayanmışdır və əks-proses müşahidə olunur. Beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycan təhsil sisteminə ayırdığı qrant layihələrinin sayının artması ölkəmizin beynəlxalq imicinin yüksəlməsinin əsas göstəricilərindən biridir.
Təhsil sistemində bir-birindən təsirli, inam və əqidənin formalaşmasına kömək edən tərbiyəvi tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini bildirən natiq dedi ki, ölkəmizin Prezidenti Heydər Əliyev məruzə və çıxışlarında, nitqlərində tərbiyə işi konsepsiyasının əsas müddəalarını, onun metodoloji əsaslarını göstərmişdir. Bunlara azərbaycançılıq, dövlətçilik, müstəqillik səyləri, milli vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət və onun uğrunda vuruşa bilmək bacarığı, dini, milli mənəvi dəyərlərə yiyələnmək, milli tarixi, çoğrafiyanı, dili, ədəbiyyatı mükəmməl bilmək və sevmək, fiziki kamillik, sağlam həyat tərzi və s. ülvi keyfiyyətlər daxildir. Bütün bu tələblər “Azərbaycan Respublikasının təhsil sistemində tərbiyə işinin inkişaf proqramı”nda öz əksini tapmışdır.
Məlum olduğu kimi, gənc nəslin layiqli vətəndaşlar kimi formalaşmasında həyatı və fəaliyyəti ilə örnək olan insanların nümunəsi böyük əhəmiyyət daşıyır. Vətən uğrunda canından keçən şəhidlərin, Milli Qəhrəmanların nümunəsi mübarizlik, vətənpərvərlik duyğularını inkişaf etdirir. Dövlətçiliyin, ölkənin müstəqilliyinin, iqtisadiyyatın, xalqımıza şöhrət gətirən sahələrin inkişafında mühüm rol oynayan şəxslərin nümunəsi əvəzsiz əhəmiyyətə malikdir. Bu baxımdan Heydər Əliyev məktəbinin ən layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nümunəsindən istifadə edilməsi çox önəmlidir.
Məruzəçi bildirdi ki, İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü kimi beynəlxalq əhəmiyyətli mühüm işlər görür. İlham Əliyevin ARDNŞ-ın birinci vitse-prezidenti kimi, dövlətimizin başçısı Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin reallaşması yolundakı xidmətləri hər bir azərbaycanlının iftixar etməli olduğu həqiqətlərdir. Onun Milli Məclisin deputatı və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi gördüyü tarixi işlər soydaşlarımızın fəxarət mənbəyinə çevrilmişdir.
Bu gün təkcə ayrı-ayrı görkəmli şəxsiyyətlər deyil, Azərbaycanın qeyri-hökumət təşkilatları, ictimai birliklər və hərəkatlar bir araya gələrək, “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulmuşlar. Möhtəşəm birlik – 218 qeyri-hökumət təşkilatını və ictimai təşkilatı birləşdirir. “Yeni Azərbaycan Naminə” İctimai Hərəkatın bu günlərdə təsis konfransı keçirilmişdir. “Yeni Azərbaycan Naminə” İctimai Hərəkatın iştirakçıları dövlətimizin qüdrətinin daha da artması və insanlarımızın rifahının yüksəlməsi naminə Heydər Əliyevi xalqın müdrik rəhbəri kimi yenidən prezident kürsüsündə görmək istəyirlər. Azərbaycan Respublikasının Təhsil Şurası qeyri-hökumət təşkilatı da ictimai birlik olaraq bu gündən “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulur.