Ekoloji tarazlığın qorunmasında müstəsna əhəmiyyətə malik kiçik varlıqlar...
Bakı, 20 may, AZƏRTAC
Kiçik olsalar da, bal arıları dünyanın ən faydalı həşəratları hesab olunur. Zərif qanadları ilə uçaraq güldən-gülə, çiçəkdən-çiçəyə qonan bal arısı öz həyat tərzi, iş rejimi, yaşam fəlsəfəsi, istehsal etdiyi bir-birindən qiymətli və sağlamlıq üçün əhəmiyyətli məhsulları ilə möcüzəli dünya təsiri bağışlayır.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20-də keçirilən iclasında qəbul edilən qərara əsasən hər il mayın 20-si Ümumdünya Bal Arısı Günü kimi qeyd olunur. Həmin tarixin seçilməsi Sloveniyadan olan görkəmli rəssam və arıçı, arıçılığın öyrənilməsinə yeniliklər gətirmiş Anton Yanşanın anadan olduğu günlə (20 may 1734-cü il) əlaqədardır. O, 1769-cu ildən arıçılıqla məşğul olub, bu sahədə çox böyük uğur qazanıb, hətta 1771-ci ildə alman dilində nəşr olunan dərslik yazıb.
Dünyada 20 mindən çox arı növü var. Onlara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. 17-18 günlükdə arılar bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kiloqram təmiz bal verə bilir.
Arı 12 kiloqram bal hazırlamaq üçün 120-150 min uçuş edir və hər uçuş zamanı dəfə 3 kilometr məsafə qət edir. Bal arısı saatda 65 kilometr uçmaq qabiliyyətinə malikdir, yüklü olduqda isə 3 dəqiqəyə 1 kilometr yol uça bilir. Onlar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edənləri tanıyırlar.
Arı dünyası çox ecazkar və sirlidir. Maraqlıdır ki, işçi arı cəmi 40-45 gün, ana arı isə ondan 50-60 dəfə çox, yəni 6-7 il yaşayır. Apidiyetoloqlar arı sancması ilə az qala bütün xəstəlikləri müalicə etməyin mümkünlüyünü söyləyirlər. Təxminən ayyarım yaşayan kiçik bir varlıq öz qısa ömründə nə qədər xeyirxah və savab işlər görür. Arının istehsal etdiyi bal, propolis, arı südü, çiçək tozu, mum və güləm sağlamlıq üçün olduqca qiymətli və əvəzsiz məhsullardır.
Təbabətdə sübut edilib ki, çiçək tozcuğu insana lazım olan bütün vitamin-mineral kompleksini özündə cəmləşdirən nadir qida maddəsidir. Balın tərkibində isə həyat əhəmiyyəti olan vacib 450-yə qədər komponent var.
Hazırda Azərbaycanda 650 min arı ailəsi və 25 min arıçı var. Yaxın illərdə arı ailələrinin sayının 1 milyona çatdırılması əsas hədəflərdən biridir. Bitki və çiçəklərin tozlanmasında bal arılarının çox böyük rolu var. Ekoloji tarazlığın qorunmasında da onların əməyi müstəsna əhəmiyyətə malikdir.