Ekspert: "Azerspace 2" Azərbaycanın iqtisadi diversifikasiyası baxımından vacib layihələrdəndir
Bakı, 27 sentyabr, AZƏRTAC
"Azerspace 2" Azərbaycanın iqtisadi diversifikasiyası baxımından vacib layihələrdən biridir. Nəzərə alsaq ki, sözügedən layihənin gətirəcəyi gəlir onun xərcindən xeyli çoxdur və nəticə etibarilə bu, "Azerspace 2"nin rentabelli olduğunu indidən proqnozlaşdırmağa imkan verir.
Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert deyib ki, bu təşəbbüs Azərbaycanın qeyri-neft sektorunda rentabelli, gəlirli layihələrdən biri kimi qiymətləndirilir. Xüsusən innovativ istiqamətdə Azərbaycanın fəaliyyətinin gücləndirilməsi qeyri-neft sektorunda keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi və dövlət tərəfindən təşviq edilməsi baxımından vacibdir.
"Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı prioritetdir. Hətta neftin baza qiymətinin məqbul səviyyədə olmasına baxmayaraq Azərbaycan neftdən asılılığın aradan qaldırılmasında və qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların davam etməsində maraqlı ölkədir. O baxımdan qeyri-neft sektorunun inkişafı, eyni zamanda, innovativ sahələrin dövlət tərəfindən dəstəklənməsi və bu sahələrin daha çox gəlir əldə etməsini bir daha aktuallaşdırır. Bu baxımdan "Azerspace 2"nin istifadəyə verilməsi də qeyri-neft sektorunun özünün strukturunda diversifikasiyaya nail olunması baxımından vacibdir. Azərbaycan qeyri-neft ixracatından əldə edilən gəlirlərdə, innovativ və keyfiyyət sektorlarının payının artmasında maraqlıdır. Xüsusən emaledici və fərqli innovativ sahələrin dəstəklənməsi bu kontekstdən prioritetdir. "Azerspace 2"nin fəaliyyətini də bu konteksdən qiymətləndirmək lazımdır", - deyə V.Bayramov diqqətə çatdırıb.
Azərbaycanın qeyri-neft sektorundan əldə edilən gəlirlərin və valyuta gəlirlərinin kənd təsərrüfatı və digər yardımçı sektorlar üzrə olduğunu deyən ekspert vurğulayıb ki, sözügedən təşəbbüs Azərbaycanın qeyri-neft sektorunda innovativ layihə kimi qiymətləndirilir və innovativ layihənin reallaşmasından dövlət gəlirlərinin artması üçün bir zəmin formalaşdırır.