MƏDƏNİYYƏT
EL SƏNƏTKARININ YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLMİŞDİR
İnstitutun direktoru, akademik Bəkir Nəbiyev sessiyanı açaraq XX əsrdə klassik aşıq sənətinin görkəmli nümayəndəsi, saz-söz sərrafı aşıq Şəmşirin zəngin bədii irsindən ətraflı danışmışdır. Bildirmişdir ki, aşıq Şəmşirin atası da öz dövrünün tanınmış söz və saz ustası olmuş, müasirləri arasında böyük nüfuz qazanmışdır.
İnstitutun direktor müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı sadəliyi, səmimiliyi və dərin xalq təfəkküründən qidalanan Şəmşir yaradıcılığı barədə məruzə etmişdir. Məruzədə qeyd olunmuşdur ki, Ağdabanlı Qurban ocağının pərvazlandırdığı aşıq Şəmşir ömrünün erkən çağlarından püxtə, yetkin sənətkar kimi saz və söz aləmində ad qazanmış, Azərbaycan aşıq sənətinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun yaradıcılığı özündən sonra gələn aşıqlara da güclü təsir etmişdir.
Elmi sessiyada pofessorlar Bəhlul Abdulla, Əflatun Məmmədli və başqaları çıxış edərək Şəmşir yaradıcılığının müxtəlif çalarlarından söz açmaqla bərabər, unudulmaz el sənətkarımızın qoyub getdiyi irsin bütün incəliklərinə qədər araşdırılmasına ehtiyac olduğunu vurğulamışlar.
Şair Adil Cəmil aşıq Şəmşirə həsr etdiyi şerini oxumuşdur.