ƏLAQƏLƏRİN İNKİŞAFI HƏR İKİ TƏRƏFİN MARAQ DAİRƏSİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş aprelin 28-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov Azərbaycanda həyata keçirilən hüquqi, demokratik islahatlar barədə ətraflı məlumat vermişdir. Milli Məclisin sədri demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinamik inkişaf etməyə başlamış və bu gün regionda lider dövlətə çevrilmişdir. Azərbaycan regionda həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri layihələrinin reallaşması Azərbaycanın enerji təhlükəsizliyi məsələsində rolunu daha da artırır. Slovakiyanın da bu layihələrə maraq göstərməsi, Azərbaycan ilə əlaqələrini inkişaf etdirməsi hər iki tərəfin maraq dairəsindədir.
Sonra O.Əsədov Azərbaycan parlamentinin fəaliyyəti, qəbul olunmuş qanunların aliliyi və demokratikliyi barədə danışmış, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, ölkəmizin bu probemin həllindəki ədalətli mövqeyini diqqətə çatdırmışdır.
Yan Kubiş demişdir ki, səfərinin məqsədi Azərbaycan ilə Slovakiya, eləcə də Avropa Şurası arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparmaq, ölkədə həyata keçirilən islahatlarla yaxından tanış olmaqdır. Qonaq Azərbaycanda əsaslı inkişafı müşahidə etdiyini və bundan məmnunluğunu bildirmiş, ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini qeyd etmişdir.
Görüşdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə inkişafı üçün geniş imkanların olduğu vurğulanmışdır.
Yan Kubiş demişdir ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdardır.