ELAYAS MUSANQEYA: AZƏRBAYCAN MÜXTƏLİF SƏVİYYƏLİ İDMAN YARIŞLARINDA FƏAL İŞTİRAK EDİR
Sumqayıt, 27 noyabr (AZƏRTAC). “Azərbaycan Prezidenti İlham Əliyev idmanın inkişafına böyük diqqət yetirir. Sizin respublika müxtəlif səviyyəli idman yarışlarında fəal və ən əhəmiyyətlisi, çox səmərəli iştirakçıdır”. Bu sözləri Britaniya beynəlxalq idman cəmiyyətinin (UKSport) həyata keçirdiyi “Beynəlxalq idman həyəcanı” proqramının rəhbəri Elayas Musanqeya Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən görüşdə demişdir. Görüşdə respublika Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov, Sumqayıt gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov və ölkənin Paralimpiya Komitəsinin digər rəsmi şəxsləri iştirak etmişlər.
Böyük Britaniya hökuməti və bu ölkənin ictimai təşkilatları tərəfindən subsidiyalaşdırılan proqramın iştirakçıları olan 11 ölkədən biri də Azərbaycandır. Elayas Musanqeya demişdir: “Sizin respublikanız dünyada “Beynəlxalq idman həyəcanı” proqramına qoşulmuş beş ölkədən biridir. 2007-ci ildə icrasına başlanmış proqramın həyata keçirilməsinə 23 milyon funt sterlinq xərclənmişdir. O cümlədən, Azərbaycan idmanının inkişafına 1,5 milyon funt srerlinq ayrılmışdır”.
O xüsusi vurğulamışdır ki, UKSport və 2010-cu ildə başa çatacaq “Beynəlxalq idman həyəcanı” proqramı Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə fəal əməkdaşlıq edir.
`Elayas Musanqeya görüşün sonunda demişdir: “UKSport rəhbərliyi bu proqram başa çatandan sonra da sizin respublikanın idman ictimaiyyəti ilə əməkdaşlığı davam etdirmək niyyətindədir”.
Qonaq və onu müşaiyət edən şəxslər idman kompleksinin ərazisini gəzmiş kompleksin fəaliyyəti ilə tanış olmuş, idmançıların məşqlərini müşahidə etmiş, paralimpiyaçılarla söhbət etmişlər.