ELEKTRİK ENERJİSİ İSRAFI FAKTLARI ARADAN QALDIRILIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun struktur bölmələrində enerji obyektlərində təmir-bərpa işləri ilə yanaşı, elektrik enerjisindən qanunsuz istifadə hallarının aradan qaldırılması üzrə tədbirlər də həyata keçirilir.
Müvafiq icra və hüquq mühafizə orqanlarının iştirakı ilə avqustda keçirilmiş reydlər nəticəsində bütün rayonlar üzrə sayğacların işinə 1110-dan çox qanunsuz müdaxilə faktı aşkar edilmişdir. Bu, ötən ayla müqayisədə 360 fakt azdır. İstifadə olunmuş elektrik enerjisinin dəyərinin məcburi ödənilməsi üçün pozuntu faktları ilə əlaqədar müvafiq aktlar tərtib olunmuş, 13,1 milyon kilovat-saatdan artıq elektrik enerjisinin dəyəri bərpa edilmiş, həmin məbləğin 44 faizə yaxını ödədilmişdir.
Hesabat ayında ən az pozuntu faktı “Şəmkir Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üzrə (100-dən artıq fakt), ən çoxu isə “Şirvan RET” MMC üzrə (330-dan artıq fakt) qeydə alınmışdır.
Bütövlükdə cari ilin səkkiz ayında RET-lər üzrə elektrik enerjisindən istifadə qaydalarının 13130 dəfə pozulması faktı aşkara çıxarılmış və müvafiq aktlar tərtib edilmişdir. Beləliklə, 69,4 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehlak dəyəri bərpa edilmiş, həmin məbləğin xeyli hissəsi ödədilmişdir.