ƏLİ BAYRAMLI ŞƏHƏR QADINLARININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Əli Bayramlı şəhər qadınlarının növbəti konfransı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini anmışlar.
Toplantını giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolunu xüsusi nəzərə çarpdırmış, Prezident İlham Əliyevin qadınların problemlərinin həllinə ardıcıl diqqət və qayğı göstərdiyini vurğulamışdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Elmira Ağayeva şəhərin ictimai-iqtisadi və sosial-mədəni həyatında qadınların fəaliyyəti barədə məruzə etmişdir.
Məruzə ətrafında müzakirələrdə 21 nömrəli məktəbin direktoru Səadət Quliyeva, Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi Gülnarə İbrahimova, mərkəzi şəhər xəstəxanasının şöbə müdiri Mətanət Səfərova, 10 nömrəli məktəbin müəllimı Töhfə Cəlilova və başqaları qadınların səmərəli fəaliyyət göstərməsi üçün ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl tədbirləri yüksək qiymətləndirmişlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycan iqtisadiyyatının yüksək inkişaf göstəriciləri, respublikanın günbəgün güclənən mövqeləri, Azərbaycan qadınının böyük potensialı və bir sıra digər məsələlər barədə söz açmışdır.
Konfransda Azərbaycan qadınlarının III qurultayına nümayəndələr seçilmiş, Ağbirçəklər Şurası yaradılmışdır.