ƏLİ BAYRAMLI ŞƏHƏRİNİN ADI DƏYİŞDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Əli Bayramlı şəhərinin adı dəyişdiriləcəkdir. Bu barədə aprelin 9-da Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında məlumat verilmişdir. Bildirilmişdir ki, şəhər ictimaiyyəti Əli Bayramlı şəhərinin adının dəyişdirilərək Şirvan adlandırılmasını təklif etmişdir. Komissiyanın sədri Budaq Budaqov, eləcə də çıxış edən deputatlar, dilçi alimlər bildirmişlər ki, bu barədə müraciət daxil olmamışdan əvvəl şəhər ictimaiyyəti məsələni geniş şəkildə müzakirə etmişlər. Qeyd olunmuşdur ki, 15 min nəfərə yaxın şəhər sakinin iştirakı ilə müxtəlif tədbirlər keçirilmiş və onlar şəhərin Şirvan adlandırılmasını daha məqsədəuyğun hesab etmişlər. Vaxtilə həmin ərazidə bu adda yaşayış massivinin olduğunu vurğulayan mütəxəssislər onu da bildirmişlər ki, indi də rayonda Şirvan adı ilə çoxsaylı müəssisələr fəaliyyət göstərir.
Komissiya üzvləri və Milli Məclisin deputatları şəhərin adının dəyişdirilməsini tarixi nöqteyi-nəzərdən düzgün hesab etmişlər. Sənəd Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.
Daha sonra iclasda Xanlar rayonun Göygöl adlandırılması ilə bağlı məsələyə baxılmışdır. Müzakirələr zamanı rayonun adının dəyişdirilməsi məqsədəuyğun hesab olunsa da, onun Göygöl adlandırılması uyğun sayılmamışdır. Komissiya üzvləri və deputatlar rayona Cavad xanın adının verilməsini təklif etmiş və məsələni yenidən rayon ictimaiyyətinin müzakirəsinə qaytarmışlar.
İclasda, həmçinin Goranboy, Lənkəran, Astara, Lerik, rayonlarında bəzi yaşayış massivlərinin adlarının dəyişdirilməsi məsələlərinə də baxılmış və həmin yaşayış massivlərinin adlarının dəyişdirilməsi zəruri sayılmamışdır.