MƏDƏNİYYƏT
Əli bəy Hüseynzadəyə həsr olunan sənədli filmin nümayişi
Biləsuvar rayonunda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları “Xocavənd” qəsəbəsində XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadədən bəhs edən “Həqiqətin böyüyü” sənədli filmi nümayiş olunub.
Bu film Azərbaycan Mətbuat Şurasının (MŞ) milli mətbuat tariximizdə önəmli rolu olan nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindəndir.
Mərasimdə çıxış edən şuranın sədri Əflatun Amaşov bildirib ki, “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının müəllifi olan Əli bəy Hüseynzadə türkçülüyü fundamental cərəyan olaraq formalaşdırıb. Dahi mütəfəkkirin “Kaspi”, “Həyat”, “İrşad” qəzetlərindəki, eləcə də “Füyuzat” jurnalındakı fəaliyyəti böyük ictimai məzmun kəsb edib. MŞ-nin “O film” studiyası ilə birgə layihəsi də məhz belə şəxsiyyətlərin həyat yoluna daha yaxından işıq salmaq, onları cəmiyyətə tanıtdırmaq zərurətindən irəli gəlib. “Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətləri olub. Onun irsinə ən layiqli qiymət isə Prezident İlham Əliyevin dahi mütəfəkkirin 150 illik yubileyinin keçirilməsinə dair Sərəncamıdır. Mətbuat Şurası bu Sərəncamdan irəli gələn vəzifələrin icrasına dəstək məqsədilə silsilə tədbir reallaşdırıb. Onlardan biri də bu gün nümayişi keçirilən sənədli filmdir”, - deyən Ə.Amaşov Əli bəy Hüseynzadənin təkcə Azərbaycanda deyil, bütövlükdə türk dünyasında da fəxarətlə anıldığını qeyd edib, onu görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam kimi xarakterizə edən cəhətlərə toxunub.
Mərasimdə çıxış edənlər Əli bəy Hüseynzadənin yaratdığı “füyuzatçılar” adlı ədəbi-fəlsəfi məktəbin Azərbaycanda ictimai fikrin formalaşması, milli özünüdərk proseslərində müstəsna rol oynadığını vurğulayıblar. Natiqlər görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif məqamlarından danışaraq onu siyasi türkçülüyün əsasını qoymuş böyük fikir adamı kimi dəyərləndiriblər.
Sonda sənədli filmə baxılıb.