ƏLİL UŞAQLARIN İSTİRAHƏTİ ÜÇÜN
AZƏRTAC xəbər verir ki, “Oriqami” Uşaq-Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Qayğı” bərpa mərkəzi 30 nəfər əlil uşağı Qusar rayonunda fəaliyyət göstərən yay düşərgəsinə aparmışdır.
Təşkilatın rəhbəri Namiq Nəcəfovun sözlərinə görə, bu il şəhər tipli “Qayğı” yay düşərgəsində 5-15 yaşlarında olan 60 nəfər əlil uşaq istirahət etmişdir. Burada dincələnlər arasında sağlam uşaqlar da vardı. N.Nəcəfov demişdir: “Sağlam uşaqların burada olması elmi-əməli tədqiqatlarla sübut edilmiş zərurətdir. Sağlam yaşıdları ilə ünsiyyət əlil uşaqların səhhətini bərpa etməyə kömək edir”.
Qarışıq qrupların təşkil edilməsi psixoloji baxımdan da vacibdir: autizm, Daun xəstəliyi, yüngül formalı iflic kimi xəstəliklərdən əziyyət çəkən əlil uşaqlar sağlam yaşıdları arasında özlərini daha yaxşı hiss edirlər. Bu, onların qüsurluluq kompleksindən xilas olmasına müsbət təsir göstərir.
N.Nəcəfovun sözlərinə görə, 30 nəfər əlil uşağın hamısı Qusarda psixoloq, defektoloq mütəxəsisslərin və tərbiyəçilərin nəzarəti altındadır. Onlar üçün yaradılmış qruplarda yapma, oriqami kimi maraqlı məşğuliyyətlərlə yanaşı, idman oyunları və təbiətin qoynuna ekskursiyalar da nəzərdə tutulur.
“Qayğı” yay düşərgəsində bu növbə avqustun axırlarında başa çatacaqdır.