Əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsində ombudsmanın rolu müzakirə edilib
Bakı, 13 iyun, AZƏRTAC
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Binəqədi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi və təşviqində Ombudsmanın rolu” mövzusunda gənclərlə görüş keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, onlayn görüşdə Ombudsman aparatının əməkdaşları Müqalib Mahmudov, Lamiyə Zeynalova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rayon icra hakimiyyətinin nümayəndəsi Şəmsi Gülverdiyev çıxış edərək ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb, gənclərin suallarını cavablandırıblar.