Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqi ilə məşğul olan mütəxəssislərinin Elm Fondunun qrant müsabiqəsinin qalibi seçilməsi bu istiqamətin aktuallığını göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində institutun direktoru dosent Fərhad Quliyev bildirib. Alim qeyd edib ki, qrant dəstəyi, eyni zamanda, tədqiqatçılar üçün böyük məsuliyyət yaradır. Yaxın gələcəkdə Qarabağın, xüsusilə Qafqazda xristianlığın əsas abidələri sırasında göstərilən Gəncəsər və Xudavəng kompleksləri, eləcə də digər abidələr konkret tədqiqat obyektləri kimi araşdırılacaq. Layihənin həyata keçirilməsi zamanı müasir elmi metodlardan istifadə edilməsi, eləcə də elmi mövqedən çıxış edən xarici tədqiqatçıların dəstəyindən yararlanılması nəzərdə tutulur. Bu, yeni layihədir və gələcəkdə onun genişləndirilməsi, müxtəlif elmi istiqamətlər üzrə fəaliyyət göstərən alimlərin də tədqiqatlara cəlb olunması planlaşdırılır. Hazırda bu mövzu üzrə çalışa biləcək, xüsusilə gənclər arasında yeni mütəxəssislər var. Belə qrant layihələri vasitəsilə onların tədqiqat fəaliyyətinə dəstək göstərilməsi Qafqaz Albaniyasının maddi-mədəni irsi ilə bağlı mövzuların elmi gündəmə gətirilməsinə və yeni nəticələrin əldə olunmasına imkan verə bilər.